Məlum olduğu kimi, son həftələr Azərbaycanda koronavirus infeksiyasına yoluxma və ölüm statistikasında kəskin artım müşahidə olunur. Son iki həftəyə qədər ölkədə gündəlik yoluxma təxminən 200 ətrafında idisə, bu gün artıq rəqəmlər az qala, 2000-ə çatır. Təkcə ötən gün 12 nəfər koronavirusdan vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, ölkədə karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin açılması, şənlik mərasimlərinə icazə, o cümlədən, xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub. Qarşıdan infeksion xəstəliklərinin daha çox yayıldığı payız aylarının gəldiyini nəzərə alsaq, yoluxmanın daha böyük miqyas alacağı istisna edilmir.
Artıq dövlət orqanları tərəfindən koronavirusa yoluxma sayının artmasının qarşısını almaq məqsədilə mübarizə tədbirlərinin gücləndirilməsinə başlanılıb. Həm paytaxtda, həm də regionlarda kütləvi dezinfeksiya tədbirləri həyata keçirilir. Ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakıda ümumşəhər dezinfeksiya həftəsi elan edilib.
Paytaxtın bütün rayonlarında, yaşayış binalarında, lift kabinlərində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. İlkin olaraq dezinfeksiya tədbirlərinə Səbail və Nəsimi rayonlarında başlanılıb.
Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.
.jpg)
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, həkim-infeksionist Könül Cəfərova “Qafqazinfo”ya bildirib ki, dezinfeksiya tədbirləri virusların daha kütləvi yayılmasının qarşısınının alınması baxımından çox vacibdir:
“Xəstəliyin azaldığı dövrdə də xəstəxanalar və digər müəssisələr dezinfeksiya olunurdu. Hazırda xəstəlik sayının artması bu tədbirlərin daha da gücləndirilməsinə səbəb olub. Xüsusən də, küçələrin dezinfeksiyası vacibdir. Biz bilirik ki, viruslar, bakteriyalar isti mühitdə artıb çoxalırlar. Onlar üçün əlverişli şərait, qidalı mühit olur. Ona görə də hər yer dezinfeksiya olunmalıdır”.
Həkim həmçinin əhaliyə müraciət edərək onları qaydalara əməl etməyə çağırıb: “İnsanlarımızı gigiyena qaydalarına riayət etməyə çağırıram. Bəzən xəstəliyi asimptomatik keçirən xəstələr çıxıb küçədə rahatca gəzirlər. Bu da insanlar üçün təhlükə yaradır. Belə şəxslərə müraciət edirəm ki, başqaları üçün təhlükə yaratmasınlar. Həmçinin qızıl qaydalara əməl olunmalıdır: maska taxmalı, ara məsafəsi saxlamalı və əllərini dezinfeksiya etməlidirlər”.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində də koronavirusla bağlı vəziyyət yenidən pisləşib. Artıq ABŞ, Çin, Cənubi Koreya, Vyetnam, o cümlədən, bir sıra Avropa ölkələri karantin qaydalarında yenidən sərtləşməyə doğru dəyişiklik edirlər.
Gülnar Əliyeva

Son xəbərlər
Son Xəbərlər