Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Gidon Kremerlə birlikdə səhnədə skripkaçı Madara Peterson (Latviya) və dirijor, Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edib.
Gidon Kremer dünyada öz nəslinin nüfuzlu sənətçisi kimi şöhrət qazanıb. Onun geniş repertuarına həm klassik əsərlər, həm də 20-21-ci əsrlərin aparıcı bəstəkarlarının əsərləri daxildir.
O, Leonard Bernstayn, Rikardo Muti, Klaudio Abbado, Lorin Maazel kimi nüfuzlu dirijorlarla və ən böyük orkestrlərlə çıxış edir. Gidon Kremerin 120-dən artıq musiqi albomu işıq üzü görüb və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.
Bundan əlavə 2016-cı ildə Yaponiyanın imperator mükafatı olan “Praemium Imperiale” mükafatı ilə təltif edilib.
1997-ci ildə Gidon Kremer 3 Baltik ölkələrdən olan istedadlı gənc musiqiçilərdən ibarət “Kremerata Baltika” kamera orkestrinin əsasını qoyub. Orkestr 50-dən çox ölkədə qastrol səfərində olub. Musiqiçilərin 50-dən çox CD-si buraxılıb və 2002-ci ildə GRAMMY və ECHO kimi nüfuzlu mükafatlara layiq görülüb.
Bu il maestronun 75 illiyi və onun yaratdığı “Kremerata Baltika” orkestrinin 25 illik yubileyi qeyd olunur. Sənətçilər ikiqat yubileylərini Amerika, Avropa və Asiyada qastrol səfərləri ilə qeyd edirlər.
Son xəbərlər
Son Xəbərlər