Bakıda güclü duman var - Diqqətli olun!

bakida-guclu-duman-var-
Oxunma sayı: 1391

Bakının yol polisi paytaxtda müşahidə edilən dumanlı-çiskinli hava şəraiti ilə əlaqədar avtomobil sürücülərinə və piyadalara xəbərdarlıq edib.

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərə müraciət edib:

"Sürücülərə tövsiyə edirik ki, avtomobili idarə edərkən mütləq meteoroloji şəraiti nəzərə alsınlar. Sürücülər havanın dumanlı, çiskinli olmasının yollarda görməni məhdudlaşdırdığından və yollar sürüşkən olduğundan nəqliyyat vasitələri arasında məsafə saxlasınlar, hərəkət üçün maksimum dərəcədə aşağı sürət həddini seçsinlər. Eyni zamanda, qarşı və arxa tərəfdən gələn avtomobil sürücülərinin onları görməsi üçün müvafiq işıq siqnallarından istifafə etsinlər. Ümumiyyətlə, yaxşı olar ki, belə havalarda şəxsi avtomobillərdən az istifadə edilsin, ictimai nəqliyyatdan istifadəyə üstünlük verilsin".

Bölmə rəisi piyadalara da xəbərdarlıq edib: "Belə havalarda piyadalar da yolu keçərkən maksimum diqqətli olmalıdırlar. Çünki hava tutqun olduğundan sürücülər onları anında görməyə bilərlər. Yollar sürüşkən olduğundan belə havalarda onların əyləcə basması piyadaları xilas etməyə də bilər. Ona görə də piyadalar yolu keçərkən sola-sağa baxmalı, yalnız işıqforun onlar üçün müvafiq işıq siqnalı yandıqda keçməli, özlərinin və digərlərinin həyatını təhlükəyə atmamalıdırlar".