Bakıda hindlilərin məhkəməsi oldu

bakida-hindlilerin-mehkemesi-oldu
Oxunma sayı: 1788

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiya təşkilində təqsirləndirilən Hindistan vətəndaşları Mohammad Sakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə‚ hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub. 

Prokuror çıxış edərək ittiham aktını elan edib. İş üzrə 100-ə yaxın zərərçəkmişin olduğu bildirilir. Onların əksəriyyəti Hindistandadır‚ bəziləri isə Bakıda saxlanılıb. Miqrasiya Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Bakıda qanunsuz yaşayan 89 əcnəbi saxlanılıb. Məlum olub ki‚ adıçəkilən təqsirləndirilən şəxslər həmin adamları Bakıda işlə təmin etmək adı ilə Azərbaycana gətiriblər. Qrup üzvü SK Allarakha “Munna” ləqəbi ilə tanınıb. 

İstintaqla müəyyən edilib ki‚ Hindistan vətəndaşı Mohamed Shakir 12 oktyabr 2017-ci ildən Bakı şəhərinə gəlib məskunlaşdıqdan sonra xarici ölkələrdə işləmək niyyətində olan Hindistan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Hindistanda fəaliyyət göstərən konsaltinq şirkətlər vasitəsilə Azərbaycan Neft Sənayesi müəssisələrində yüksək əmək haqqı vəd edilən iş yerlərinə işçi axtarılması, həmçinin ali tədris müəssisələrində təhsil almaq imkanları barədə təbliğat işləri aparıblar. Hindistan vətəndaşlarının konsaltinq şirkətlərə ödədikləri 1200-4600 dollar məbləğində pulların bir hissəsi Mohammed Shakirin bank hesabına köçürüldükdən sonra elektron turist vizası və aviobiletlərlə təmin olunaraq həmin şəxslərin Bakıya gəlməsi təşkil olunub. Hava limanında zərərçəkmişləri dəstənin digər üzvləri qarsalayıblar və Sabunçu rayonunun Maştağa, Ramana və Balaxanı qəsəbələrindəki fərdi yaşayış evlərinə aparılıblar.

Daha sonra isə onlara verilən vəd puç çıxıb və heç biri işlə təmin olunmayıb. Azərbaycanda qalmaq üçün vizanın müddəti bitdiyinə görə də onlar gizli yaşamalı olublar.

Məhkəmədə ittihama münasibət bildirən M.Şakir zərərçəkmişlərin heç birini tanımadığını deyib: “Özümü təqsirli bilmirəm. Mən Azərbaycanda turizm şirkəti açıb biznes qurmaq istəyirdim”. 

Digər şəxslər də özlərini təqsirli bilməyiblər. SK Allarakha isə Miqrasiya Xidmətində onu aldadaraq yalan ifadəyə qol çəkdirdiklərini deyib.

Daha sonra şahidlər ifadə verib.

Murad Əhməd