“Qafqazinfo” xəbər verir ki, Bakıya gətirilən 200-dən çox eksponat Mərkəzin sərgilər zalı bölməsində, 3-cü mərtəbədə binanın arxitektura quruluşuna uyğun olaraq xüsusi dizayn və işıqlandırma effektləri ilə təqdim olunur. Sərgi iki bölmədən - Qreys Kellinin aktrisalıq dövrü və onun həyatının Monako şahzadəsi olduqdan sonrakı mərhələsini əks etdirən ekspozisiyadan ibarətdir.
Qeyd edək ki, sərgidəki bütün eksponatlar bilavasitə Qreys Kelliyə məxsus olmaqla orijinal nümunələrdir. Noyabrın 1-dək davam edəcək sərgidəki eksponatların qorunması üçün Mərkəzdə 40-dan çox mühafizəçi ayrılıb. Eləcə də, eksponatların sərgiləndiyi zalda xüsusi havalandırma sistemi olacaq.
Sərginin prodüseri Katrin Alesçinkovun sözlərinə görə, Qreys Kelli ABŞ-dan Monako Knyazlığına saraya köçərkən özü ilə bütün əşyalarını gətirmişdi: “Bu əşyalar, eləcə də şahzadəlik dövrünə aid eksponatlar hazırda Heydər Əliyev Mərkəzində sərgilənir və onlar Qreys Kellinin daxili aləmini açmağa, onun şəxsiyyətini tanımağa imkan yaradır”.
İyunun 13-dən etibarən hər bir kəsin bu nadir eksponatları, eləcə də Qreys Kellinin ilk dəfə sərgilənəcək avtomobillərini görmək imkanı olacaq.
Qeyd edək ki, Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kelliyə həsr olunan sərgi 2007-ci ildə Monakoda açılıb və 2008-ci ildən müxtəlif ölkələrdə təşkil olunmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər