Bakıda karantin rejimini pozan sahibkar həbs edildi

bakida-karantin-rejimini-pozan-sahibkar-hebs-edildi
Oxunma sayı: 3601

Qaradağ rayon sakini Cavanşir Dilavərovun ölkə ərazisindəki xüsusi karantin rejiminin tələblərini pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı daxil olmuş məlumat əsasında Qaradağ rayon prokurorluğunda araşdırma aparılıb. 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı Cavanşir Dilavərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaşadığı evin zirzəmisində çayxana işlətməsinə əsaslı şübhələr müəyyən edilib. 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd edilən obyektin fəaliyyət göstərməsi və orada müştərilərin olması müəyyən edilmiş, eyni zamanda Cavanşir Dilavərovun törətmiş olduğu qanunsuz əməlləri etiraf etməsi audio-video çəkilişlə qeydə alınıb. 

Faktla bağlı toplanmış material üzrə Qaradağ rayon prokurorluğunda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Qaradağ rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin müvafiq qərarına əsasən Cavanşir Dilavərov inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati həbs seçilib.