“Qafqazinfo”nun məlumatına görə, martın 14-də və 15-də Heydər Əliyev sarayında “Sarı gəlin” adlı konsert verməyə hazırlaşan müğənni mətbuat nümayəndələri ilə bir araya gələrək onların suallarını cavablandırıb:
- Tamaşaçıları necə bir konsert gözləyir?
- Bakıya ilk dəfə 9 il əvvəl gəlmişdim. Bu dəfəki konsertdə 19 mahnı ifa edəcəm. “Sarı gəlin” mahnısı da bu siyahıya daxildir. Mən qalmaqallı, şou ilə dolu konsert verməyə gəlməmişəm. Ölkəmə gəlmişəm ki, ruhum dincəlsin. Musiqilərimi insanlara çatdırım. Orkestrımla gəlməmişəm. Buradakı musiqiçilərlə məşq edirəm və səhnəni onlarla bölüşəcəm. Azərbaycanlılar qonaqpərvər və duyğusal insanlardır. Onlardan sevgi və alqış gözləyirəm.
- “Sarı gəlin” mahnısı mübahisəli mahnıdır, bir çox ölkələr “Sarı gəlin”in onlara məxsus olduğunu deyir. Bu mahnını ifa etməyə necə qərar verdiniz?
- Uşaqlığımı musiqi ilə keçirmişəm. Azərbaycan mədəniyyətini yaşatmaq istəyirəm. Ona görə “Sarı gəlin”i albomuma daxil etdim.

- Sizin "Mən həyat yoldaşımla tanış olduğum gün bütün qadınların cənazə namazını qıldım..." sözləriniz çox məşhurdur. Bəzən deyilir ki, sevgi ailə qurduqdan sonra azalır və uşaqlar arasında paylaşılır. Sizin sevginizdə dəyişiklik olubmu?
- Üzr istəyirəm, mən belə bir söz deməmişəm. Bu mümkün deyil. Sadəcə insanlar və sevənlərim mənim adımdan yayıblar. Mən qətiyyən belə söz deməmişəm. Uşaqlara olan sevgim isə sonsuzdur. Həyatda ikinci yarını tapmaq önəmlidir. Sevdiyin insan və övlladlar olanda sevgin bərabər bölünür, balans saxlamağı isə bacarmalısan.
- Azərbaycan müğənnilərindən kimləri tanıyırsınız?
- Rəşid Behbudovu, Şövqət Ələkbərovanı tanıyıram. “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, “Getmə-getmə” və bir çox mahnıları sevirəm. Onlar mənim uşaqlığımdır. Digər müğənniləri çox təəssüf ki, tanımıram.

- 9 il sonra yenidən Bakıdasınız. Şəhərimizdə hansı dəyişikliklər diqqətinizi çəkdi?
- Əsasən qədimi Bakını görməyi çox istəyirdim. Hündür binaları Britaniyada da görürəm. Mən qədim Bakını sevirəm. Şəhərdə edilən dəyişiklikləri çox bəyəndim, çox gözəldir. Lakin köhnə çayxanaları və Azərbaycan mətbəxinə aid olan yeməklər hazırlayan yeməkxanaları görməyi arzulayırdım. Lavaşı çox sevirəm.
- Cənubi Azərbaycanda konsert verməyi düşünürsünüz?
- Mənim ailəm Təbrizdəndir. Təbii ki, gedib Cənubi Azərbaycanda konsert vermək istəyirəm. Bu mənim çoxdankı arzumdur. İnşallah arzuma çataram.
- “Ana” haqda mahnı ifa etmisiniz. Sənətə gəlməyinizdə atanızın böyük rolu olub. Ata haqda mahnı ifa etmək istəyirsiniz?
- Sənətə gəlməyimdə atamın böyük əməyi olub, atamla münasibətlərim çox yaxşıdır. Gözəl fikirdir. Bu haqda düşünəcəm. Əlbəttə, istəyirəm ata haqda mahnı oxuyum.

-Müsəlman ailəsi olaraq Briytaniyada hansı adətlərə uyğun yaşayırsınız?
- Mənim valideynlərim azərbaycanlıdır. Biz sadə Azərbaycan ailəsiyik. Britaniyada yaşasaq da, Azərbaycan adət-ənənələrinə əməl edirik. İngiltərə vətəndaşı ola bilərəm, amma azərbaycanlıyam, müsəlmanam. Ailəmizdə Avropa adətlərinə də normal münasibət bəsləyirik.
- Məşhur simaların bir çox kaprizləri olur. Siz Azərbaycana gələndə təşkilatçılardan nə istədiniz? Sizin belə kaprizləriniz varmı?
- Mənim kaprizlərim yoxdur. Burada çox gözəl qarşılandım. Mənim üçün böyük bir otaq ayırıblar, təəccübləndim. İçərisində bir çarpayı olan balaca otaq da mənim üçün kifayətdir. Qalan şeylər məni maraqlandırmır.
Könül
Son xəbərlər
Son Xəbərlər