Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirusla bağlı mətbuat konfransı keçirir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan hökumətinin dəvəti ilə gələn 6 nəfərlik ekspert qrupu görüşlərini tamamlayıb və bu gün ölkəni tərk edirlər: “Ekspertlər detallı hesabatı Azərbaycan hökumətinə təqdim edəcəklər”.
ÜST missiya rəhbəri Karolina Braun bildirib ki, ÜST koronavirusu pandemiya olaraq xarakterizə edib: "Azərbaycandakı dövlət qurumlarına bizimlə əməkdaşlığa görə minnətdaram. Bu, yeni virusdur və biz də yeni öyrənirik. Virusa tutulanlar artır, amma hələ virusun yol açmadığı ölkələr də var. COVİD 19-la bağlı bütün ölkələrə çağırış edilib ki, güclərini səfərbər etsinlər. Bu xəstəliklə bağlı öyrəndiyimiz məlumatlardan irəli gələrək Azərbaycana tövsiyə edirik ki, ölkə xəstəliyin erkən aşkarlanması üçün tədbirlər görsün".
Hande Harmancı deyib ki, bir çox xəstəxanada həkimlərlə görüş keçirilib: “Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı”.
***
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, hazırda rəsmi olaraq qeydə alınmış 19 yoluxma var, onlardan üçü sağalıb: “İndi hamısı epidemioloji əlamətlərdir. Yəni, hamısının xaricdə olanlarla əlaqələri var. Əksəriyyəti karantində olanda aşkarlanıb”.
***
Hande Harmancı bildirib ki, bu gün Azərbaycanın Cenevrədəki səfiri ilə ÜST direktoru arasında 5 milyon dollar bağışlanmasına dair müqavilə imzalanıb: “Azərbaycan hökumətinə təşəkkür edirik. Bu, digər ölkələrə də bir çağırışdır”.
***
Karolina Braun əlavə edib ki, koronavirusla bağlı testləri apteklərdən alıb öz üzərində yoxlamaq mümkün deyil: “Bu, yeni xəstəlikdir, buna görə də xüsusi şəraitdə yoxlanılmalıdır. Amma biz ekspres testlərin yaradılması üzərində işləyirik. Sağalan insanlarda immunitet yaranır, amma bunun nə qədər davam edəcəyi hələ araşdırılır”.
Murad Əhməd
Pərvin Zeynal


Son xəbərlər
Son Xəbərlər