Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının iclası oldu - Fotolar

Bakıda MDB dövlətlərinin Məşvərət Şurasının iclası oldu
Oxunma sayı: 655

Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclası öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda MDB ölkələrinin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İclasda üzv dövlətlərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, dövlətlərarası əməkdaşlıq və gələcək fəaliyyətin istiqamətləri, əhaliyə sosial xidmətlərin göstərilməsi ilə bağlı müzakirələr, məlumat və təcrübə mübadilələri aparılıb.

Qonaqları salamlayan, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda sosial sahədə inqilabi islahatların baş verdiyi bir ildə ölkəmizin belə br mötəbər tədbirin məkanı kimi seçildiyini məmnuniyyətlə qeyd edib. Nazir MDB ölkələri arasında məşğulluq, əmək, miqrasiya və sosial müdafiə kimi getdikcə daha çox əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb. O, hazırkı iclasın gündəliyində dayanan məsələlərlə əlaqədar ötən dövrdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatları diqqətə çatdırıb.

Babayev bildirib ki, 2003-cü illə müqayisədə Azərbaycanın ÜDM-i 3,4 dəfədən, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib.

Nazir Prezident İlham Əliyevin fərmanları, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə nazirliyin tərkibində DOST Agentliyi yaradıldığını vurğulayıb.

Nazir ölkəmizdə 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı  barədə məlumat verib. Qeyd edib ki, portal vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər. “Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.

“Pensiyaçının dostu” proqramı barədə məlumat verən nazir 1 yanvar 2019-cu ildə ölkədə ilk elektron pensiya təyinatı başlanıldığını və bu günə qədər 14 mindən çox insana e-qaydada pensiya təyin edildiyini deyib.

Sahil Babayev  bildirib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.

Nazirin sözlərinə görə, görülən tədbirlər nəticəsində 1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb.

Nazir ötən müddətdə MDB Məşvərət Şurası çərçivəsində çox işlər görüldüyünü deyib. Bildirib ki, bununla belə, sazişlərin əksəriyyətinin qəbulundan xeyli müddət keçib, xarici şərtlər, sosial-iqtisadi vəziyyət və ən əsası MDB dövlətlərinin hər birinin normativ bazası dəyişib. Buna görə də, ödəniş və əməyin mühafizəsi, işçi qüvvəsinin yerdəyişməsi və keyfiyyətinin artırılması, inklüziv məşğulluq, pensiya və müavinət sisteminin təkmilləşdirilməsi, digər müvafiq mövzularda əməkdaşlıq əlaqələrinin gücləndirilməsi məsələlərini nəzərdən keçirmək lazımdır.

İclasın açılışında həmçinin Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli,  Milli Məclisin Regional məsələlər komitəsinin və MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə Daimi komissiyasının sədri Arif Rəhimzadə,    Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli, Belarus Respublikasının Əmək və Sosial Müdafiəsi nazirinin birinci müavini Loboviç Andrey Valentinoviç çıxış ediblər.

İclas gündəlikdəki məsələlər üzrə müzakirələrlə davam edib.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi