İyunun 14-də Daxili İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib.
"Qafqazinfo" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açıb.
V.Eyvazov iclas iştirakçılarına respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə imkan verir: "Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində əldə olunan müsbət nəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Bakı şəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idman tədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib".
Mövcud problemlərə toxunan nazir transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, yeni təhdid və çağırışlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
İclas iştirakçıları xatirə şəkli çəkdirib.
İşçi qaydada davam etdirilən iclasda əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, kibercinayətkarlıq, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Növbəti iclasın Tacikistanın paytaxtı Düşənbədə keçirilməsi qərara alınıb.


Son xəbərlər
Son Xəbərlər