Bakıda niyə dollara tələb yoxdur?

bakida-niye-dollara-teleb-yoxdur
Oxunma sayı: 2852

İqtisadçı ekspert Vüqar Bayramov Dövlət Neft Fondunun bu gün keçirilən hərracda cəmi 2,4 milyon dollar satmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, hərraclarda xarici valyutalara tələb aşağı olaraq qalmaqdadır:

“Aprelin əvvəllərində dollara tələbin yüksəlməsinə baxmayaraq yenidən bankların xarici valyuta alışı aşağı düşüb. Dollara tələbin azalması banklarda dollarlaşma səviyyəsinin yüksək olması ilə yanşı, həmçinin məşhur Fitç agentliyininn manatın məzənnəsinin yaxın 6-12 ay ərzində sabit qalacağı ilə bağlı açıqlaması ilə əlaqədardır. Bundan sonra, bankların bir qismi gündəlik aktivlərini daha dollara çevirmirlər. Bəzi banklarda gündəlik əməliyyatlar üçün nəzərdə tutulan vəsaitlərin manatda saxlanması prosesi bərpa edilməkdədir. Belə görünür ki, banklarımız Londonda yerləşən Fitç şirkətinə Azərbaycan Mərkəzi Bankından daha çox inanırlar”.

Onun sözlərinə görə, dollara tələbə Mərkəzi Bankdan daha çox xarici qiymətləndirmə şirkətlərinin açıqlamaları təsir göstərir: “Mərkəzi Bank isə manat bazasının məhdudlaşdırması siyasətini davam etdirməkdə israrlı görünür. Amma hiss olunur ki, baş bank bunu uzun müddət davam etdirə bilməyəcək. Bununla yanaşı, dollara tələbin azalmasına baxmayaraq Mərkəzi Bank manatın kəskin möhkəmlənməsinə şərait yaratmaqda həvəsli görünmür”.

Günel Türksoy