Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir - Fotolar

bakida-nizami-gencevi-beynelxalq-forumu-kecirilir
Oxunma sayı: 1686

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyilə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən Nizami Gəncəvi İli çərçivəsində Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu (NGBF) başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Forumda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistanın mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edir. 

Həmçinin Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri təmsil olunurlar.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulub.

***

Baş nazirin müavini Əli Əhmədov bildirib: “Nizami Gəncəvi Azərbaycan xalqının yetişdirdiyi ən böyük mütəfəkkirdir. Yaradıcılığı ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya məxsusdur. Nizami Gəncəvi təkcə dahi şair, söz ustadı deyil, həm də böyük mütəfəkkir idi. O, xalqlar və əsrlər arasında körpü olub. O, indiki dillə desək, xalqlar arasında xoşməramlı səfir idi. 800 ildən çoxdur ki, sevilir və oxunur. Dərin fəlsəfi məzmunlu fikirləri öz əhəmiyyətini itirməyib. O, Azərbaycan xalqının fəxri iftixarıdır. Hər bir azərbaycanlının qəlbində Nizami sevgisi var”.

***

Mədəniyyət naziri Anar Kərimov qeyd edib: “Nizami Gəncəvinin yaradıcılığı, bizə qoyduğu ədəbi, fəlsəfi miras körpü rolunu oynayıb, xalqları yaxınlaşdırıb, birləşdirib. O, multukultural dəyərlərdən hələ 12-ci əsrdə danışıb. Nizami Gəncəvi Azərbaycanda sevilir, təbliğ olunur. Ən görkəmli bəstəkarlarımız Nizamidən ilhamlanaraq əsərlərini yaradıblar. Bu sevgi bir neçə başqa təzahürlərdə də özünü ifadə edir. Nizami Gəncəvinin mirasına Azərbaycan xalqı həmişə sadiq qalıb və sahib çıxıb”.

***

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib: “Rusiyada Nizami Gəncəviyə 2 yerdə - Moskvada və Sank-Peterburqda heykəl qoyulub. O heykəlləri quraşdıranda elə də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur. Dahi ədib öz yaradıcılığı ilə Mərkəzi Asiyada xalqları, qəbilələri birləşdirmişdi.

Mən iki mütəfəkkiri qeyd edə bilərəm ki, onlar heç vaxt yaşadığı ərazini tərk etməmişdilər. Bunlar Nizami Gəncəvi və Kant idi. Onlar başa düşürdülər ki insanən vicdanı, başı üzərində duran Allah böyük dəyərlərdir. Bu ilin Nizami Gəncəvi ili elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitajda Azərbaycan xalçasının nümayişi keçirilir. Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”.

***

Türkiyənin mədəniyyət və turizm naziri Məhmət Nuri Ərsoy bildirib: “Türk dünyası böyük atası Nizami Gəncəvinin əmanətlərinə qürurla sahib çıxmağa davam edəcək. Nizami Gəncəvi əsərlərində bəzi təsvirlərdə sözlərlə sanki rəsm yaradıb. “Nizami Gəncəvi kimdir?” sualının cavabı çox genişdir. O, yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı astronomiya, fəlsəfə, coğrafiya, tibb və riyaziyyatı, eyni zamanda 7 dili mükəmməl bilən alimdir. O, şeirinin yanına musiqini də qoya bilən sənətkar idi.

Kamil insan portretini Nizami Gəncəvi əsərlərində görmək olar. İnsanların bir-birinə hörməti, sevgisi, bəşəri dəyərlər onun əsərlərində geniş tərənnüm olunub.
Türk dünyası böyük atası Nizami Gəncəvinin əmanətlərinə qürurla sahib çıxmağa, onun irsini gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub, minillik mirasımızı qoruyacağıq”.

***

Nizami Gəncəvi Beynəlxalq Forumunda birgə kommünikenin mətni oxunub. Kommünikeni mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev oxuyub. 

Birgə kommünikedə aşağıdakı məsələlər nəzərdə tutulur: 

1. Biz, “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyini qeyd etmək, habelə onun ecazkar və daimi maarifləndirici ədəbi irsinə hörmət və ehtiramımızı ifadə etmək üçün Azərbaycan Respublikasının Bakı şəhərində bir araya gəlmişik.

2. Biz Nizami Gəncəvinin zəngin fəlsəfi ədəbi irsinin qorunması və təbliği istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Hökumətinə öz minnətdarlığımızı bildiririk. Bu baxımdan, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin imzaladığı Sərəncamı xüsusən qeyd etmək istərdik. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bu Forumu Bakı şəhərində təşkil etmək təşəbbüsünü də alqışlayırıq.

3. Biz qəbul edirik ki, dahi Nizaminin ölməz ideya və dəyərləri Şərq dünyasının Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Əmir Xosrov Dəhləvi, Əbd ər-Rəhman Cami, Əlişir Nəvai və Məhəmməd Füzuli kimi görkəmli şair və mütəfəkkirlərinə, eləcə də digərlərinə ilham verməklə yanaşı, regionda ədəbi-poetik ənənələrin formalaşmasına, fəlsəfi, sosial-mədəni və siyasi həyatın inkişafına, habelə ədəbi təfəkkürün tərəqqisinə təsir və nüfuz etmişdir. Tədqiqatçılar hətta Dante, Bokaçço, V.Şekspir, Höte, Ş. Rustaveli və digər Qərb ədəbiyyatının dahi klassiklərinin əsərlərində də Nizaminin təsirinin izlərini tapmışdılar.

4. Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olan və çağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynamışdır.

5. Biz xüsusən vurğulayırıq ki, Nizami dühasının zaman-məkan məfhumundan asılı olmayan ideyaları qlobal miqyasda fərqli mədəniyyətlər və sivilizasiyalar haqqında təsəvvürün təşəkkülü baxımından olduqca əhəmiyyətli olmaqla yanaşı, güclü təsir və nüfuza malikdir. Dahi Nizaminin əsərlərində istər ayrı-ayrı insanların inkişafına, istərsə də ümumilikdə cəmiyyətə aid olan bir sıra məsələlər işıqlandırılır, insan həyatının demək olar ki, bütün aspektləri xüsusunda ensiklopedik yanaşma tərzi nümayiş etdirilir.

6. Biz, həmçinin vurğulayırıq ki, Nizami dühasının zəngin irsi çoxtərəflilik və inklüzivlik ənənələrini müjdələyən və bununla da universal dialoq üçün unikal platforma kimi xidmət edən ilham mənbəyidir. Nizami Gəncəvinin əsərlərində yer alan ideya və mesajlar multikulturalizm, tolerantlıq və sülh şəraitində birgəyaşayış anlayışlarını təbliğ edir. 

7. Biz, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından izah edilməklə yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayırıq. Bu yanaşma DİM-ləri milli mədəniyyət, tarix və adət-ənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək. İcmalar onları ənənələrinə xas olan və onlardan qaynaqlanan dəyərlər və məqsədlər kimi qəbul etmədikcə, DİM-lərə heç vaxt tam nail olunmayacaq. Biz digər dövlətləri DİM-in tam şəkildə həyata keçirilməsində yeni mərhələ kimi xidmət edə biləcək belə bir yanaşmadan istifadə etməyə çağırırıq.

8. Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, Forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycan Respublikasında keçirilməsini təklif edirlər. 

Sonda birgə kommünike tədbir iştirakçıları tərəfindən qəbul edilib.

***

Forum çərçivəsində Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə nəşr olunmuş “Nizami Gəncəvinin Qəzəlləri və Kəlamları” adlı kitabın təqdimatı olub. 

Təqdimatda bildirilib ki, kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib və Fransada fransız dilində çap olunub.

Təqdimatdan sonra Beynəlxalq Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri” mövzusunda ilk panel müzakirələrə başlanılıb.

Gülnar Əliyeva

Fotolar: Pərvin Zeynal