İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə üç ay qalsa da, artıq Bakının məşhur beşulduzlu otellərinin əksəriyyəti tutulub.
“Qafqazinfo” yarışın keçiriləcəyi 12-22 may tarixləri üçün paytaxt otellərinin neçə faizinin turistlər tərəfindən tutulduğunu öyrənmək məqsədilə kiçik araşdırma aparıb. Məlum olub ki, artıq mehmanxanalardakı yerlərin azı 30 faizi bron edilib.
Belə ki, paytaxtın ən iri otellərdən olan “JW Marriott Absheron”da son nömrə 12 saat əvvəl, 3663,26 AZN-ə bron edilib.

“Fairmont Baku”da isə 12-22 may tarixlərinə ümumiyyətlə boş otaq qalmayıb. Son otel otağı 7 saat əvvəl bron edilib. Ən yaxın tarixlər üçün isə otel 10 gecəsinə 2000-4500 manat arası təkliflər edir.

Turistlərin ən çox üstünlük verdikləri otellərdən biri də “Hilton Baku” olub. Belə ki, buranın da bütün otel nömrələri artıq bron edilib. Ən yaxın tarixlərdə isə oteldə yer tutmaq istəyənlər 2200-4000 manat ödəniş etməli olacaqlar.

Digər beşulduzlu otellər “Boulevard Hotel Baku”, “Intourist Hotel Baku”, “Qafqaz Point Hotel”də də həmin tarix üçün boş yer qalmayıb.
Beşulduzlu “Ramada Baku”da isə son otel otağı qeyd edilən tarix üçün 1 806 AZN-ə, “Landmark Hotel Baku”da 2145 AZN-ə, “Sapphire City Hotel “də isə 1465 AZN-ə bron edilib.
Beşulduzlu otellər arasında ancaq “Four Seasons Hotel Baku”, “Grand Hotel Europe”, “Excelsior Hotel & Spa Baku”, “Hyatt Regency Baku” və “Hotel Badamdar”da boş yer tapmaq mümkündür. Birincidə 10 gecə üçün qonaqlama minimum 7000 AZN-dir. Əgər 4 nəfər üçün həmin tarixə otaq sifariş etmək istəsəz bu sizə minimum 30 min AZN-ə başa gələcək.

Paytaxtın dördulduzlu otellərinin demək olar ki, əksəriyyəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarixlər üçün bron edilib. Bura “Holiday Inn Baku” , “Staybridge Suites Baku”, “Boulevard Side Hotel”, “Shah Palace Hotel”, “Admiral Hotel”, “Qafqaz Baku Sport Hotel”, “Riviera Hotel”, “Premier Expo Hotel” “Smith Hotel” daxildir.
Qeyd edək ki, otellər üzrə analoji araşdırmanı ötən ilin iyununda keçirilən "Formula-1" yarışları üçün də aparmışdıq. O zaman yarışlara üç ay qalsa da, paytaxtın bütün beşulduzlu otelləri bron edilmişdi. Lakin indiki rəqəmlər də ölkəyə bu yaz xeyli turist axınının olacağından xəbər verir.
Onu da əlavə edək ki, Azərbaycan oyunların keçirilməsinə ümumilikdə 100 milyon dollara yaxın vəsait ayırıb. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Son xəbərlər
Son Xəbərlər