Bakıda qadın sırğalarının qənimi saxlanılıb

bakida-qadin-sirgalarinin-qenimi-saxlanilib
Oxunma sayı: 1194

Martın sonlarında Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib.

DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.