Bakıda qumbara, patron və avtomat darağı tapıldı - Fotolar

Bakıda qumbara, patron və avtomat darağı tapıldı
Oxunma sayı: 1080

Bakıda qumbara, patron və avtomat darağı tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

İlk növbədə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı, 102 ədəd müxtəlif çaplı patron və 1 ədəd istifadəyə yararsız avtomat darağı olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.