Bakıda regionun ən nüfuzlu texnoloji konfransı keçirilib

bakida-regionun-en-nufuzlu-texnoloji-konfransi-kecirilib
Oxunma sayı: 1896

Bakıda Beynəlxalq GSM Assosiasiyasının (GSMA) “M360 Eurasia 2023” adlı beynəlxalq konfransı baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, regionun ən önəmli tədbirlərindən biri olan bu konfrans rəqəmsal və mobil texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq, yerli və regional mütəxəssisləri, eləcə də nüfuzlu mobil operator və rəqəmsal korporasiyaların rəhbərlərini bir araya toplayıb. 

Qeyd etmək lazımdır ki, konfransın əsas məqsədi sözügedən sənayedə əsas tendensiyalar, çağırış və yeni imkanlar barəsində fikir mübadiləsi aparmaqdır. 

“M360 Eurasia” konfransı çərçivəsində “Gələcək inkişaf üçün rəqəmsal davamlılıq” mövzusunda sessiya təşkil edilib. Sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azercell Telekom”un prezidenti Zərinə Zeynalova, “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya Regionu üzrə Operator Şəbəkələri Biznes Qrupunun Prezidenti An Jian, eləcə də GSMA-nın Baş direktoru Mats Granryd öz məruzələri ilə çıxış ediblər. 

Tədbirdə çıxış edən nazir Rəşad Nəbiyev qeyd edib ki, COVID-19 pandemiyası dünya səviyyəsində coğrafi və sosial təbəqələr arasında geniş rəqəmsal uçurum meydana gətirib. Onun sözlərinə görə, buna baxmayaraq, pandemiya rəqəmsal inkişafı sürətləndirərək  katalizator rolunu oynayıb: “Pandemiya göstərdi ki, rəqəmsal uçurumun aradan qaldırılması, eləcə də insanlar və icmalar arasında əlaqənin qurulması dayanıqlı və firavan cəmiyyətin yaradılması istiqamətində hökumətlərin əsas rolu olaraq qalır. Şübhəsiz, heç bir ölkə bu problemləri təkbaşına həll edə bilməz və bu istiqamətdə əməkdaşlıq zəruridir”. Nazir bu xüsusda “M360 Eurasia” konfransının keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

Bununla yanaşı, Zərinə Zeynalova öz çıxışında Azərbaycanda belə bir tədbirin keçirilməsinin xüsusi önəmə sahib olduğunu vurğulayıb. 

“Qarşımızda rəqəmsal ekosistemin yaradılması kimi vacib öhdəlik durmaqdadır. 4G şəbəkəsinin imkanlarını artırmaq istiqamətində çalışırıq. Qarşımızda gələcək aylarda yeni baza stansiyalarının yaradılması kimi vacib vəzifə dayanır. 2030-cu ilə qədər bu baza stansiyalarının sayının artırılması istiqamətində işlər görüləcək”, - deyə Z.Zeynalova öz çıxışında qeyd edib. 

“Huawei” şirkətinin nümayəndəsi An Jian isə sessiyada rəqəmsal iqtisadiyyatın qlobal iqtisadi inkişaf üçün zəruriliyindən danışıb və burada strateji yanaşmanın vacib olduğunu vurğulayıb: “Araşdırmalar göstərir ki, 2015 və 2025-ci illər arasında qlobal iqtisadi artımın 55%-i rəqəmsal iqtisadiyyatın payına düşəcək. Bu dövr ərzində rəqəmsal iqtisadiyyatın iqtisadi artıma verəcəyi töhfənin 24,3%-ə çatacağı gözlənilir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrdə informasiya kommunikasiyaları texnologiyalarına (İKT) investisiyaların yatırılması rəqəmsal iqtisadiyyatın inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Orta hesabla İKT sektoruna yatırılan hər 1 dollar qlobal ÜDM-i 3,5 dollar artırır. İnkişaf etməkdə olan ölkələrdə isə bu investisiya 4,4 dollar artıma səbəb ola bilər”.

O, həmçinin qeyd edib ki, 5G əhəmiyyətli inkişafa nail olmaqla yanaşı, sürət və imkanlar baxımından əvvəlki texnologiyaları üstələyib: “Bu texnologiya sürətlə təkmilləşib və hərtərəfli inkişafa nail olub. 5G cəmi 3 il ərzində 4G texnologiyasının 5 il ərzində nail olduğuna nail olub. Hazırda dünyada 1 milyarddan çox istifadəçiyə xidmət edən 249-dan çox 5G kommersiya şəbəkəsi mövcuddur. Bu, 4G texnologiyasının eyni dövrdə sahib olduğu istifadəçi sayından 7 dəfə çoxdur”.

“Enerji səmərəliliyinin artırılması “yaşıl” inkişaf üçün zəruridir. Bu sahədə komleks ekoloji təmiz həll yollarının tətbiq edilməsi ilə məqsədimiz enerji istehlakını minimuma endirərək məlumat ötürülməsini maksimuma çatdırmaqdır. Huawei şirkəti şəbəkə və əməliyyat səviyyələrində operatorlara “yaşıl” inkişafın sürətləndirilməsində dəstək olacaq”, - deyə An Jian əlavə edib. 

Tədbir günün ikinci yarısı “Açıq, Çevik və Transformasiya: Gələcəyin İnfrastrukturu” adlı sessiya və panel müzakirələri ilə davam edib. Panel müzakirələrində isə “Huawei Technologies Azerbaijan” MMC-nin baş icraçı direktoru David Xu, GSMA-nın Avropa və MDB ölkələri üzrə rəhbəri Daniel Pataki və Ericsson şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbəri Aidyn Abjanbekov moderatorun suallarını cavablandırıb. Moderatorun 4G və 5G texnologiyaları arasında investisiyaların necə bölüşdürülməsi ilə bağlı suala cavab verən David Xunun sözlərinə görə, dünyada hazırda baş verən trendlər 5G texnologiyasının tətbiqinin biznesin təkmilləşdirilməsinə töhfə verdiyinə dəlalət edir. O, həmçinin bildirib ki, 5G texnologiyasına investisiyaların yatırılması özünü doğruldur: “Azərbaycanda 5G-nin tətbiqi hazırda icbari xarakter daşıyır. Düşünürəmki, ölkədə yaxın zamanda 5G tətbiq ediləcək. 4G-yə qoyulan investisiyalar 5G-yə qoyulan investisiyalara çevriləcəkdir. Bu istiqamətdə investisiyaları artırmalıyıq və investisiya axını təmin olunmalıdır”. 

Günel İbrahimova