Bakıda “Roboday” festivalı keçirildi - Fotolar

bakida-roboday-festivali-kecirildi
Oxunma sayı: 1520

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Sumaks Academy”, “Engineering for kids” və “Mars Academy”nin tərəfdaşlığı ilə “Roboday” festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Robopark” layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub. O cümlədən “Dron”, “Robofutbol” və “Robosumo” yarışları keçirilib, robot şouları nümayiş olunub. Əyləncə zonasında “Formula 1”-in avtomobil simulyatorları yerləşdirilib.

AREA tərəfindən “WRO – Dünya Robot Olimpiadası” yarışı üzrə “Regular” kateqoriyası üçün ayrıca yarış meydançası qurulub, STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

Festivalı “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları, müxtəlif məktəblərin şagirdləri, uşaq evlərinin sakinləri ziyarət ediblər.

Qeyd edək ki, “Robopark” layihəsinin başlıca hədəfləri robototexnika sahəsinə maraq yaratmaq, uğurlu robototexnika layihələrini müsabiqələrə cəlb etmək və onların kommersiyalaşdırılmasına imkan yaratmaqdır.