Bakıda sahibkarlar arasında bir milyonluq qarşıdurma

bakida-sahibkarlar-arasinda-bir-milyonluq-qarsidurma
Oxunma sayı: 5666

Azərbaycanda sahibkar başqa bir sahibkarın onun əmlakını müsadirə etdiyini iddia edir.

Samux rayonunda istehsalatla məşğul olan Razil Məmmədov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, onun yenicə qurduğu zavod dələduzluq yolu ilə əlindən alınıb. R.Məmmədov deyir ki, Bakıda böyük bina tikintisi işi ilə məşğul olan Rəfael və Mahir Qarayev qardaşları onu aldadıb: “Mən Mahir və Rəfael Qarayev qardaşlarını bir müddət öncə tanıyırdım, onların Bakıda bir neçə yerdə bina tikintisi ilə məşğul olduğunu bilirdim. Mötəbər yerlərdə tikinti apardıqları üçün onlara inandım. Samux rayonunda mənə məxsus olan torpaq sahəsində gön dəri fabriki qurdum. Son vaxtlar maddi sıxıntılarım var idi. Qarayev qardaşları da bunu bilib özləri məni axtarıb tapmışdı. Mənə təklif etdilər ki, fabriki onlara satım.

Bu məsələ ilə bağlı “Qızılgül” restoranında Rəfael, Mahir, onların bibisi oğlu Cəlal və mən görüşdük. Belə razılaşdıq ki, mən fabriki onlara 1 milyon 200 min dollara satacağam. Biz Gəncədə “Asan Xidmət”də alqı-satqı etdik, mən adıma olan torpağı Mahirin adına keçirtdim. Dedilər ki, sənə 40 min manatlıq “Mercedes”, Bakıda 280 min dollarlıq mənzil veriləcək, qalanı da nağd formada ödəniləcək.

Razil Məmmədov

Maşını mənə verdilər, amma etibarnamə vermədilər. Bir neçə gün sonra mən zəng etdim, dedilər “Qızılgül”ə gəl. Ora çatanda Rəfael mənə dedi “başın bədəninə ağırlıq etməsin, maşının açarını at stolun üstünə”.

Mahir dedi “sən açarı ver, özümüz həll edərik”. Mən də maşının açarını verib çıxdım, amma “texpasport” məndə qalmışdı”.

Razil Məmmədov bildirir ki, o torpağı versə də, zavodu onların adına keçirməyib: “Samuxdakı torpaq sahəsində fabrikə aid olan avadanlıq və xammal isə mənim öz adımadır. Amma Rəafel Gəncə İnzibati İqtisad Məhkəməsində qərar çıxartdırıb və o avadanlıqlara həbs qoydurub. Halbuki həmin avadanlıqlar Rəfaelin ya da Mahirin adına deyil, mənim və ora cəlb etdiyim investorların adınadır. Bizim bu alqı-satqıda onların mənə verəcəklərinə dair notarius sənədi yoxdur, amma əlyazma formasında razılaşmamız var. Dörd aydı prokurorluğa şikayət etmişəm, hələ bir nəticə yoxdu. Bunların heç biri çağırılıb ifadəsi alınmayıb. Neçə aydır fabrik də fəaliyyətsiz qalıb”.

Ruslan Abbasov

Bir müddət öncə “Qafqazinfo”ya müraciət edən digər iş adamı Ruslan Abbasov da Qarayev qardaşlarından şikayət edərək onu ölümlə hədələdiklərini bildirmişdi. R.Abbasov təkrar müraciət edərək artıq Mahir Qarayevin onu izlədiyini və buna görə polis bölməsində olduqlarını da deyib: “Rəfael və Mahir Qarayev qardaşları yenə də məni hədələməklə məşğuldurlar. Üç gün öncə Rəfael mənə zəng edib yerimi soruşdu, məni təhqir edib ölümlə hədələdi. Səhərisi gün onun qardaşı Mahir mənə zəng edərək eyni hərəkətləri etdi.

Fevralın 27-ı gecə saat 01 radələrində evimə gələndə yaşadığım binanın yaxınlığında dayanan maşının içində Mahir və onun idmançı dostu Eminin olduğunu gördüm. Dərhal “102” xidmətinə məlumat verdim, polislər gəlib məni də onlarla birgə bölməyə apardı. Bölmədə təhqiqatçının otağında onlar üstümə cumub məni vurmaq istədi, söyüb təhqir etdi. Polis Bölməsində məni vurmaq istəyən adam, gör kənarda nə edər?

Polislər onları ekspertizadan keçirtdi və orta-ağır dərəcəli içkili olduqları ortaya çıxdı. Bunların bir dostu Elbrus hazırda Peterburqda yaşayır, onun qardaşı adam öldürməyə görə həbsdədir. Rəfael də bu hadisədən sonra Elbrusun yanıan gedib. Mən onların bundan sonra nə planlayacağını bilmirəm və məni öldürəcəklərindən qorxuram”.

R.Abbasovun iddiasına görə Rəfael və Mahir Qarayev qardaşları onun adına 2 milyon dollar kredit götürüb bina tikiblər, lakin pulu ödəməyiblər. Devalvasiyadan sonra həmin borc 4 milyon dolları ötüb. Buna görə də qardaşlar tərəfindən ölümlə hədələnir.

***

Rəfael Qarayev

Rəfael Qarayev “Qafqazinfo”ya açıqlamasında ittihamlara cavab verib. O bildirib ki, Ruslan Abbasov və Razil Məmmədov başqa bir adamın sifarişi ilə şər-böhtan atmaqla məşğuldurlar: “Qardaşım Mahir o zavoda sərmayə qoyub, bunlar isə cığallıq edirlər. Ortaya çıxmırlar, qaçırlar. Mahir məhkəməyə şikayət etdi, hakim də əmlaka həbs qoydu. İndi bunlar məhkəməyə də gəlmirlər. Bizlə də əlaqə saxlamırlar ki, məsələni araşdıraq. Bu iş məhkəmə predmetidir və bununla bağlı məhkəmə proisesi gedir. Gəlsinlər, düz olduqlarını məhkəmədə sübut etsinlər”.

Murad Əhməd