Bakıda şalvarsız aksiya- - Qızlar da soyundu+Video

bakida-salvarsiz-aksiya-
Oxunma sayı: 18131


“Qafqazinfo” xəbər verir ki, metroda şalvarsız bir gün flaşmobu dünyada məhşur olan bir flaşmob formasıdır. Bu ilin yanvar ayında dünyanın 25 ölkəsinin 60-dan çox şəhərində belə aksiya keçirilib və dünyada bu tip flaşmoblar 13 ildir keçirilir. 13 il ərzində flaşmobum formasında demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb və dünyanın heç bir yerində aqressiya ilə qarşılanmayıb.

Azərbaycanda bu xəbər yayılar - yayılmaz sosial mediada günün əsas müzakirə mövzusuna çevrildi. Demokratiya, insan haqları, ifadə azadlığından danışanlar dərhal oldu namus - qeyrət keşikçisi. Hamı bu aksiyanı etmək niyyətində olanları söydü, bunu əxlaqsızlıq adlandırdı. Ümumi sosial media istifadəçilərinin heç 5 faizi bu gənclərin lehinə fikir səsləndirmədi. Bir neçə nəfərdən başqa hamıda tumanfobia üzə çıxdı. Hamı başladı yazmağa ki, bu insanlar mənim qabağıma çıxsa, bir göz qırpımında "şil - küt" edərəm.

İşin bu gərgin vaxtında diqqət yönəldi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə. Sekulyar insanlar və ya bu ölkənin Don Kixot demokratları düşündü ki, yəqin DİN məsələyə normal reaksiya verəcək. Çünki nə də olmasa, əvvəla bu rəsmi qurumdur, burada namus qeyrət yox, qanun birinci olmalıdır və ikincisi məlumatı ilk dəfə hakimiyyətin elitar media qurumu olan "Baku post" qəzeti tirajlamışdısa, yəqin əvvəldən özlərinin xəbəri var imiş və lazım bilib tirajlamağa icazə veriblər. Və DİN-dən açıqlama gəldi:

"Bu yaramaz tədbiri təşkil edənlər məsuliyyətə cəlb olunacaqlar. Çünki onlar belə hərəkətlərlə ictimai qaydanı kobud şəkildə pozmaqla yanaşı, həm də cəmiyyətə açıqca hörmətsizlik etmiş olacaqlar ki, bu da sırf xuliqanlıqdır...

...Digər tərəfdən, cəmiyyətimiz üçün yad olan belə bir flaşmobun keçirilməsi xalqımızın adət-ənənəsinə, mentalitetinə və mənəviyyatına uyğun olmayan bir hərəkətdir. Ona görə də əminəm ki, ictimai asayişin və qanunlarımızın keşiyində duran polislə yanaşı, vətəndaşlarımız da belə hərəkətlərə qarşı öz etirazını və iradını bildirəcəklər".

DİN-in bu açıqlaması vətəndaşları aksiya keçirmək niyyətində olan insanlara qarşı daha da aqressivləşdirdi. Yəni dolayı yolla DİN buna qarşı olan insanlara dedi ki, "Biz görsək həbs edərik, əgər, biz görməsək, bunların ağız burunlarını rahatca qırın".

Bəs ifadə azadlığı? Bəs qanunun aliliyi? Azərbaycan Respublikasının konstitusiyası oğru qanunları əsasında yazılmayıb, mentalitetlə müəyyənləşdirilməyib. Bu beynəlxalq hüquq normalarına əsaslanıb. Konstitusiya insanların özünü ifadə azadlığını tanıyır. DİN isə deyir ki, adət - ənənəmizə ziddir. Adam donub qalır. Doğurdanmı bu ölkədə qanun bu qədər ucuzlaşıb, mental dəyərlər onu bu qədər üstələyib?

Digər tərəfdən isə insanların sosial mediada göstərdiyi aqressivlik, bu aksiyaya qarşı çıxmalar tam süni bir hərəkətdir. Faktlarla sübut etmək olar:

1. Bu ölkədəki insanların 90 faizi xarici TV-lər vasitəsi ilə seriallara baxır. O seriallara ki, orda insanlar nəinki şalvarsız, tumansız belə görüntülənir. Nə oldu? O seriallardakı kişiləri, qadınları görmək sizə zövq verir, metroda görmək ayıb olur?

2. Təqribən 2 il əvəvl - 2012-ci ilin aprel ayında Bakının düz mərkəzində, Nizami küçəsində şalvarsız flaşmob keçirildi. "Flaşmob Azərbaycan" qrupunun təşkil etdiyi nümayişdə bir qrup gənc şəhərin mərkəzində şalvarlarını çıxartdı. Hamı da onlara maraqla tamaşa edirdi. Niyə 2 il əvvəl kimsə onları döymürdü? Demək ki, məsələ nədir? İnsanlar , sadəcə, monitor arxasında qəhrəmandır. Heç kimi də döyəsi deyillər. Sadəcə, qonşusu “facebook”da onun necə namuslu olduğunu görmək üçün buna qarşı çıxırlar. Həmin flaşmobun videosunu isə bir də izləyin!

Pərviz Əzimov. İnterpress.az