Bakıda turizm şirkətinə basqın edərək 20 min manat pulu ələ keçirməyə cəhd edərkən mühasibi bıçaqlayaraq öldürən Turan Kubuşovun istintaqı yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Mahmud Ağalarovun sədrliyi ilə aparılacaq. İlk iclasın vaxtı yaxın günlərdə təyin ediləcək.
İttihama görə, hadisə 2018-ci il aprelin 25-də Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən “ZD Travel” şirkətinin qarşısında baş verib. Şirkətin mühasibi, 1989-cu il təvəllüdlü Tərxan Namazov 20 min manat pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs hücum edərək çantanı alıb qaçmaq istəyib. Lakin Tərxan ona müqavimət göstərdiyi üçün cinayətkar silaha əl atıb və mühasibə 14 bıçaq zərbəsi vurub. Ətrafdakı taksi sürücülərinin hadisə yerinə yaxınlaşdığını görən maskalı şəxs oradan qaçaraq uzaqlaşıb. T.Namazov xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən Turan Kubuşov saxlanılıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər