Bakıda TDƏŞ VII Zirvə Görüşü çərçivəsində biznes forum - Fotolar

bakida-tdes-vii-zirve-gorusu-cercivesinde-biznes-forum
Oxunma sayı: 2245

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ ) VII Zirvə Görüşü çərçivəsində biznes forum keçirilib.

“Qafqazinfo” xəbər verir ki, biznes forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Toplantısında yaradılmış Türk Şurası çərçivəsində bu gün ölkələrimiz bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi-ticarət və mədəni-humanitar sahələrdə uğurla əməkdaşlıq edir. Qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlıq ildən ilə genişlənir.

TDƏŞ-in fəaliyyət göstərdiyi 10 il ərzində üzv ölkələr arasında ticarətin həcmi 2 dəfəyə yaxın artıb. Məhsullar üzrə üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 7 milyard ABŞ dollarına çatıb. Üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı isə 12% təşkil edir. Ölkələrimizin iqtisadi potensialı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. İkitərəfli və çoxtərəfli biznes forumlar, keçirilən sərgilərdə daha geniş iştirak bu imkanların reallaşdırılmasına xidmət edir.

Bu gün üzv ölkələr dünya miqyasında böyük əhəmiyyət daşıyan layihələri birlikdə həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir. Bu baxımdan Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.

TDƏŞ üzvü olan ölkələr investisia sahəsində də uğurlu əməkadaşlıq edir. Şuraya üzv ölkələr Azərbaycan iqtisadiyyatına 12,3 milyard ABŞ dolları həcmində investisiya qoyub, onların 3200 şirkəri Azərbaycanda uğurla fəaliyyət göstərir.

Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 15,3 milyard ABŞ dolları sərmayə yatırıb. İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən yaradılması təklif olunmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birgə İnvestisiya Fondu əhəmiyyətli mexanizm ola bilər.

Rüfət Məmmədov Türk Şurası ölkələri arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət və investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı və qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə sahələrində əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib, işgüzar dairələri bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət edib.

Daha sonra TDƏŞ Baş katibi Bağdad Amreyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və qonaqlar çıxış edərək TDƏŞ çərçivəsində təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, təkliflərini bildiriblər.