Bakıda tikinti şirkətlərindən əsas tələb açıqlandı

bakida-tikinti-sirketlerinden-esas-teleb-aciqlandi
Oxunma sayı: 2576

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyində çoxmərtəbəli binaların inşası üçün təqdim olunan layihələrə rəy verilməsi ilə bağlı ictimai dinləmələr keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Agentliyin rəisi Mirsalam Qəmbərov bildirib ki, bu gün tikinti şirkətləri tərəfindən təqdim olunan 9 layihəyə baxılır.

Qeyd olunub ki, müvafiq tikinti şirkətlərinin inşa etmək istədikləri çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binaları Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qərarı ilə təsdiqlədiyi köhnə, təhlükəli və qəzalı vəziyyətdə olan binaların olduğu ərazilərdə yerləşir.

Tikinti şirkətlərinin nümayəndələrinə bildirilib ki, binaları ucaldarkən əsas məqsədin yaşıllıqların qorunub saxlanılması və gələcəkdə orada yaşıllıq sahələrinin olmasına şərait yaratmaqdır: “Biz istəyirik ki, Bakı şəhərində yaşıllıq faizini artıraq. Tikinti şirkətlərinə tələb qoyulur ki, ərazidə tikilən binalarda 25 faiz yaşıllıqla əhatə olunsun. Belə ki, dünya təcrübəsində binalara 33 faiz yaşıllıq olması tələbi qoyulur. Bakıdakı tikililər də bu tələblərə uyğunlaşdırılmalıdır. Tikinti şirkətləri binanın fundamenti qurulanda bunlar nəzərə alınmalıdır”.

Dinləmələrdə iştirak edən şirkətlərdən birinin nümayəndəsi bildirib ki, bir neçə ildir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlara yeni bina tikintisinə ağac kəsilməsi səbəbindən icazə verməyib.

Şirkət rəhbərlərindən biri təklif edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağac kəsilməsi səbəbindən tikintiyə icazə verilməyən şirkətlərə paytaxtın digər ərazilərində bir neçə yüz ədəd ağac əkmək şərti ilə tikintiyə icazə verilsin.

O qeyd edib ki, əgər hansısa bina tikintisi zamanı bir neçə ağac kəsilməsi zərurəti yaranırsa, onlara paytaxtın ehtiyac olan ərazilərində yüzlərlə ağac əkilməsi tapşırıla bilər. Şirkətlər buna hazırdırlar.

Digər bir şirkət rəhbəri isə bildirib ki, indiyə qədər 4-5 ağaca görə ETSN tərəfindən rəy ala bilmirlər.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə əlavə edib ki, hər ağacın da köçürülməsi mümkün deyil: “Bunun üçün mütləq şəkildə müvafiq göstəriciləri olmalıdır. Bəzi tikinti şirkətləri köçürmə adı altında ağacı çıxarır və əmin olun ki, həmin ağac məhv olur”.

İctimai dinləmədə iştirak edən tikinti şirkətlərindən birinin nümayəndəsi vurğulayıb ki, onların bina tikmək istədikləri ərazidə mövcud olan 60-70 ağac götürülərək gələcəkdə onun əvəzində 200 ağacın əkilməsi nəzərdə tutulub.

Gülnar Əliyeva