Bakıda tozun miqdarı normadan 5,4 dəfə yüksəkdir - Yenilənib

bakida-tozun-miqdari-normadan-54-defe-yuksekdir
Oxunma sayı: 2401

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. 

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin  2 gün davam edəcəyi gözlənilir.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.