Bakıda uşaq evində azyaşlını döyən müəllim işdən çıxarıldı

bakida-usaq-evinde-azyaslini-doyen-muellim-isden-cixarildi
Oxunma sayı: 4404

Bakının Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vətəndaş Sərkinaz Quliyeva Yeniavaz.com-a bildirib ki, oğlu Mirəli Quliyevə məktəbdə direktor və müəllimlər tərəfindən fiziki və psixoloji təzyiqlər göstərilir: “Direktor 11-ci sinif şagirdlərini gətirib onlara balaca uşaqları döydürtdürür”.

S.Quliyeva uşaq evində müəllimlərdən birinin 3-5 yaşlı bir oğlan uşağını döyməsinin əks olunduğu videonu da təqdim edib.

Uşaq evinin direktoru Sevda Hacıyeva isə qeyd edib ki, şagird Mirəli Quliyevin psixoloji problemləri var:

“Bir neçə gün əvvəl gecə saat 12-də Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də “skoru” və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Nənəni – gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirilib. Əslində, o uşaq kollektiv içində yaşamamalıdır. Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilən sənəddə bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb”.