Bakıda VI İnepo-Avrasiya Ekologiya Olimpiadası keçiriləcək

bakida-vi-inepo-avrasiya-ekologiya-olimpiadasi-kecirilecek-
Oxunma sayı: 649

Olimpiadanın Təşkilat Komitəsinin sədri, “Çağ” Öyrətim Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz deyib ki, bu tədbirin keçirilməsində başlıca məqsəd gənc nəsli ekoloji yöndə maarifləndirməkdir: “2007-ci ildən keçirməyə başladığımız “İNEPO-Avrasiya” Olimpiadasının bu il 6-cısını təşkil etməyə hazırlaşırıq. İlk dəfə bu olimpiadada dünyanın 17 ölkəsi iştirak etmişdi. Builki olimpiadada isə iştirakçı ölkələrin sayı 42-yə çatıb. Həm ölkə daxilində, həm də xaricdə “İNEPO-Avrasiya”nın şöhrətinin getdikcə artması bunda əsas amil rolunu oynayıb. Məsələn, ilk vaxtlar yerli məktəblərdən olimpiadamıza 10-15 layihə təqdim olunurdusa, indi təqdim olunan layihələrin sayı 300-ü keçib. Bunların arasından da seçim etməklə bu layihələrdən 70-i final mərhələsinə buraxılıb”.

“Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin Sədri Dr. Enver Özeren isə bildirib ki, hər il olduğu kimi bu dəfə də olimpiadanın dəvətnamələri orijinal olub: “Biz bir kağıza dəvət mətni yazaraq, insanlara göndərə bilərik. Ancaq biz başqa yol seçmişik. Dəvət etmək istədiyimiz hər kəsə bir fidan və müxtəlif çiçək toxumları göndəririk. Bunda məqsədimiz insanlarda ekoloji şüuru möhkəmləndirməkdir. Bu il 3 min fidan və saxsı qablarda 35 min gül toxumu paylamışıq”.
E. Özeren onu da əlavə edib ki, aprelin 4-dən tədbir iştirakçılarının Təhsil Nazirliyində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Dövlət Neft Şirkətində, İctimai Televiziyada görüşləri təşkil olunacaq: “Həmçinin, Bakının müxtəlif abidələrinə ekskursiyalar həyata keçiriləcək. Aprelin 6-7-də isə olimpiada iştirakçılarının təqdim etdikləri layihələrin sərgilənməsi və münsiflər heyəti tərəfindən qiymətləndirmə işləri aparılacaq. Olimpiadanın son günündə qaliblər mükafatlandırılacaq, bağlanış mərasimi keçiriləcək. Əvvəlki olimpiadalarımızdakı kimi, ümid edirik, medal alacaq qaliblərimiz arasında ölkələrindəki universitetlərə imtahansız və ödənişsiz təhsil almaq hüququ əldə edənlər də olacaq”.

Qeyd edək ki, VI İnepo-Avrasiya Ekologiya Olimpiadasının təşkilatçıları Azərbaycanın Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyidir.

Nigar Məmmədli