“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən BMT-nin İnkişaf Proqramı ilə birgə “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda VI Regional İnternet İdarəçilik Forumu (RİİF) keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün internetin tətbiqinin müxtəlif yollarını nümayiş etdirməkdir. Forum yerli iştirakçıların beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi və əməkdaşlıq qurması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün platformadır. Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar.
Tədbirdə “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “Uşaqlar üçün Təhlükəsiz İnternet” kimi mövzularda sessiyalar təşkil olunacaq.
Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Cyber Village” infosessiyasında uşaqlar üçün təhlükəsiz internet mövzusunda “Azercell Telekom” MMC –nin “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlimlərinə dair təqdimatı keçiriləcək. Qeyd edək ki, “Azercell”in təşəbbüsü və təşkilatçılığı ilə məktəblilər, valideynlər və müəllimlər üçün keçirilən bu təlimlər 2 həftə ərzində Azərbaycan Müəllim İnkişafı Mərkəzi tərəfindən Şəmkir (4-7 mart) və Gəncə (11-15 mart) şəhərlərində baş tutacaq. Qeyd edək ki, ölkəmiz İnternet İdarəçilik Forumunun aktiv iştirakçısı və təşkilatçısıdır. 2012-ci ildə Bakıda VII İnternet İdarəçilik Forumunun təşkil edilməsi ilə yanaşı, ölkəmizdə hər il Regional İnternet İdarəçilik Forumu keçirilməkdədir.
Son xəbərlər
Son Xəbərlər