“Qafqazinfo”nun virtualaz.org-a istinadən məlumatına görə, 1988-ci il təvəllüdlü polis əməkdaşı Muxtar Nəcəf oğlu Kazımov polis işçisi olan digər xidmət yoldaşı Rabil Nuruş oğlu İbayevlə birgə Polis Akademiyasının qiyabi şöbəsində təhsil alırmış. Hər iki polis əməkdaşı Bakıya imtahan sessiyasına gəlibmiş.
Kazımovla İbayev sessiya müddətində paytaxtın Xətai rayonunda ev kirayələyib. M.Kazımovun qohumları bir neçə gün öncə onun yoxa çıxdığını bildiriblər. Polis axtarışlara başlayıb. Polisin ilk dindirdiyi şəxs Kazımovun otaq yoldaşı Rabil İbayev olub. O isə Kazımovun harada olması barədə heç nə bilmədiyini deyib.
Halbuki M.Kazımov elə İbayev tərəfindən öldürüldüyü iddia edilir. Mənbənin sözlərinə görə, İbayev törətdiyi cinayətin üstünün açılacağından qorxaraq Kazımovun meyitini dəniz kənarına aparıb və izi itirmək üçün onu yandırıb.
Eyni zamanda M.Kazımovun bundan az əvvəl şəxsi avtomobilini satdığı və maşının pulunun da R.İbayev tərəfindən oğurlandığı da iddialar sırasındadır.
Lakin polis Kazımovun qətlinin motivlərini açıqlamağa hələ tələsmir. Rabil İbayevin səhhətində ciddi problemlərin olduğu, az öncə həyat yoldaşından da boşandığı bildirilir.
Belə ehtimal var ki, İbayevi bu cinayəti törətməyə sövq edən səbəblər arasında onun psixoloji problemləri amili də var.
Son xəbərlər
Son Xəbərlər