Fevralın 22-də Bakıda Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş tədbir təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, siyasi xadimlər, diplomatlar, Yaponiyada təhsil alan tələbələr iştirak ediblər.
Cuniçi Vada tədbirdə çıxış edərək 2022-ci ilin Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu qeyd edib. O, bu ilin “Azərbaycan ilə Yaponiya arasında dostluq ili” olduğunu və Azərbaycanda müxtəlif tədbirlərin keçiriləcəyini bildirib.
Muxtar Babayev çıxış edərək Yaponiya şirkətlərinin ölkəmizin enerji sektoruna uzun müddət töhfə verdiyini bildirib. O qeyd edib ki, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə töhfə vermək məqsədilə ilk tədbir bu ilin fevral ayında Abşeron yarımadasında keçirilib və 3000 ağac əkilib.
Nazir işğaldan azad edilmiş ərazilərdə 30 illik dövr ərzində məhv edilmiş təbiət ərazilərinin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd”, “yaşıl enerji” infrasturkturunun yaradılmasında və digər sahələrdə Yapon şirkətlərini yaxından iştiraka dəvət edib.
M.Babayev iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 11-ci iclasının Azərbaycanda keçirlməsinin planlaşdırıldığını da qeyd edib.

Son xəbərlər
Son Xəbərlər