Bakıda yaşayanlar harda dincələcək? - Sorğu

bakida-yasayanlar-harda-dincelecek
Oxunma sayı: 1899

Bakı sakinlərinin 27% -i paytaxtdan kənarda istirahət edəcək. “Qafqazinfo” xəbər verir ki, “ACT Azərbaycan” Bakı şəhər əhalisi arasında yay istirahəti ilə bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edib.

Sorğu nəticələrinə görə, Bakı əhalisi əsasən bu aylarda - iyul (54%) və avqustda (30%) istirahət etməyi planlaşdırır.

Rəyi soruşulanların 27 %-i bu yay istirahət etmək üçün paytaxtı tərk edəcək. Bakıdan kənarda istirahət etməyi planlaşdıranların 64%-i bölgələrdə dincələcək.

İstirahət üçün seçilən regionlar arasında lider Qubadır (20%). Qəbələ 10%-lə ikinci, Nabran və Şəki isə 7%-lə üçüncüdür.

İstirahətini Azərbaycanda planlaşdıranlar tətil zamanı əsasən şəxsi və ya qohumların evində (51%), digərləri isə kirayə evlər (20%), mehmanxanalarda (12%) qalacaqlar. Bölgələrdə istirahət etməyi düşünənlər tətillərini təbiət qoynunda (49%) keçirməyə maraq göstərirlər. Digərləri isə passiv istirahəti planlaşdırır (39%).

Xaricə üz tutan bakılıların əsas seçimi isə Türkiyə (24%), Gürcüstan (22%) və Ukraynadır (14%).

Ölkə xaricində istirahət edənlər əsasən otellərdə (70%), bəziləri isə dost-tanış evində (21%) qalırlar.

Bu yay dincəlmək üçün xaricə üz tutanlar əsasən passiv istirahətə diqqət ayıracaqlar (32%). Digər qrup isə tarixi məkanları və yerli memarlıq abidələrini ziyarət edəcək (25%). Təbiət qoynuna çıxmaq istəyənlər 21%, şoppinqi planlaşdıranlar isə 13%-dir.

Qeyd edək ki, sorğu 12-15 iyun tarixlərində Bakı şəhərində telefon vasitəsi ilə həyata keçirilib. Ümumilikdə sorğuda 400 respondent iştirak edib.