Bakıda Zəfər Forumunun bağlanış mərasimi keçirildi

bakida-zefer-forumunun-baglanis-merasimi-kecirildi
Oxunma sayı: 1276

8 Noyabr - Zəfər Günü münasibətilə oktyabrın 7-dən etibarən başlayan və Azərbaycanın bütün rayonlarını əhatə edən Zəfər Forumunun Bakıda bağlanış mərasimi keçirilib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, toplantının bağlanışında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək, forum iştirakçıları adından ölkə Prezidentinə xalqa Zəfər sevincini yaşatdığına görə təşəkkür ediblər.