Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerəşən 301 saylı tam orta məktəbin söküləcəyi ilə bağlı iddialar yayılıb.
Bu barədə “Qafqazinfo”ya sakinlər müraciət ediblər. Onların sözlərinə görə, məktəbin bir hissəsi - ibtidai siniflər üçün nəzərdə tutulmuş korpus qəzalı vəziyyətdədir. Həmin korpusda uzun müddətdir məcburi köçkünlər məskunlaşıb və dərslər keçirilmir.
Məktəbin şagirdləri ibtidai sinifləri yaxınlıqda yerləşən 300 saylı məktəbdə oxuyur, 5-ci sinifdən digər təhsil müəssisəsinə qayıdırlar: “Bizim məktəbin ibtidai korpusundan əlavə, digər 3 mərtəbəli korpusu normal vəziyyətdədir, qəzalı deyil. Bizə deyirlər ki, məktəbi sökmək istəyirlər. Amma rəsmi məlumat verən yoxdur. Məktəbdə 1000-dək şagird təhsil alır, əgər sökülmə söhbəti varsa, biz də məlumatlı olmalıyıq. Buna görə çox narahatıq”.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, 7 dekabr 2023-cü il tarixində baş vermiş zəlzələ nəticəsində BŞTİ-nin tabeliyindəki 301 nömrəli tam orta məktəbin 1939-cu ildə inşa edilmiş birmərtəbəli korpusunda qəzalı vəziyyət yaranıb: “Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən binaya baxış keçirilib və mühəndis-müayinə işləri aparılaraq müvafiq rəy təqdim edilib. Rəyə əsasən, məktəb binasının yükdaşıyan divarlarında geniş ölçülü çatların yarandığı, divarların birləşmə yerlərində aralanmaların əmələ gəldiyi, qapı və pəncərə üstü hissələrin yerini dəyişdiyi müəyyən edilib. Bu səbəbdən məktəblilərin (ibtidai siniflər) və pedaqoji heyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin korpusda təhsil alan şagirdlərin yaxınlıqdakı 300 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirməsi təmin olunub. Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür”.
İdarədən həmçinin bildirilib ki, 301 nömrəli tam orta məktəbin 2006-cı ildə inşa olunmuş digər üçmərtəbəli korpusunda tədris normal qaydada davam etdirilir.
Xatırladaq ki, ötən il dekabrın 7-si saat 08:16 radələrində Xəzər dənizində güclü zəlzələ baş verib. Maqnitudası 5,6 olan yeraltı təkanlar Bakıda və bəzi şimal rayonlarında da 5 bala qədər hiss olunub.
Gülnar Əliyeva