Bakıdakı böyük yanğınla bağlı məhkəmə başladı

bakidaki-boyuk-yanginla-bagli-mehkeme-basladi
Oxunma sayı: 2500

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Fərid Sadıqovun xəstə olduğu və Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanıldığı bildirilib. Nizami rayon telefon qovşağının ibtidai istintaqda iştirak edən nümayəndəsi hazırda vəzifəsindən uzaqlaşdırıldığı üçün məhkəmədə yeni nümayəndə təqdim edilib.

Nümayəndə bildirib ki, prosesdə mülki iddia qaldırmaq istəyir. Hakim deyib ki, iş baxışa verdikdən sonra qanunauyğun olaraq iddia qaldıra bilər. Nüsrət Muxtarovun vəkili İsa Məmiyev bildirib ki, müdafiə etdiyi şəxsin səhhətində problem var və getdikcə ağırlaşır. Bununla bağlı həkimdən arayış da var.
F.Sadıqovun vəkili Rəsmiyyə Qəhrəmanova də çıxış edərək onun səhhətində ağır problem olduğunu və buna görə də Türkiyədə tibbi əməliyyat keçirdiyini deyib.

Z.Əşrəfovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin qeyd edilən şirkətdə faktiki olaraq işləmədiyi, formal olaraq adı getdiyini deyib.

Vəkillər vəsatət verərək hər üç şəxs barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək barəsində ev dustaqlığı seçilməsini istəyiblər. Zərərçəkmiş şəxslər vəsatəti müdafiə ediblər. Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib və işin məhkəmə baxışına verilməsini istəyib. Hakimlər müşavirəyə gediblər. Məhkəmə kollegiyasının qərarı ilə vəsatətlər təmin edilməyib. Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmə prosesi iyunun 14-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Murad Əhməd