Bakıdakı məşhur konfransdan yeni xəbər

bakidaki-meshur-konfransdan-yeni-xeber
Oxunma sayı: 784


Dini Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, 2014-cü il mübadilə görüşünün açılışında ilk olaraq  prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına müraciəti Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tərəfindən təqdim edilib.

Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Azərbaycan Prezidenti cənab İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi “Ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcək".

M.Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdəki dinlər və etnik qruplar arasındakı münasibətlər Ümummilli Liderimiz Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə  çevrilib: “Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hazırda ölkədə dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayədarıdır. Bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri – məscid, kilsə, sinaqoq və s. – azad və dözümlülük şəraitində fəaliyyət göstərir. Мilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva   bir sıra məscid və  ziyarətgahların təmir və  bərpasına dəstək verməklə yanaşı, xristian və  yəhudi  abidələrinin də  restavrasiyasına xüsusi diqqət göstərir”.

Murad Əhməd