Bakıdan kosmosa ikinci şans - Video

bakidan-kosmosa-ikinci-sans
Oxunma sayı: 2027

Ötən həftə qlobal kosmos ictimaiyyəti Bakıya – 74-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC 2023) toplaşmışdı. Gözü səmada, beyni fəzada olanların qəlbi Bakı vaxtı ilə döyünürdü.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyasının hər il təşkil etdiyi bu tədbir kosmos sahəsində tədqiqatların, yeniliklərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı bir platformadır.

Milli kosmik agentliklərin, bu sektorda fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin, mütəxəssislərin və elm adamlarının iştirakı ilə keçirilir. Dolayısı ilə bu tədbir əhəmiyyətli əməkdaşlıqların qurulduğu platforma rolunu da oynayır.

Oktyabrın 2-dən 6-dək davam edən Bakı Konqresi “Qlobal çağırışlar: kosmosa şans verək” sloqanı ilə keçirilirdi. Tədbir həm də bu devizlə bir araya gələnlərin özləri üçün bir şans idi. Konqres kosmik icma qarşısında yeni əməkdaşlıq üfüqləri açırdı. Azərbaycana isə özünü daha yaxından tanıtmaq, kosmos ailəsinin üzvü olaraq öz potensialını, eyni zamanda mədəniyyətini nümayiş etdirmək fürsəti verirdi. Azərbaycan bu imkandan uğurla faydalandı.

Böyük yolun başlanğıcı

İndiyədək çox böyük və nüfuzlu tədbirlərə ev sahibliyi etmiş Bakı üçün Beynəlxalq Astronavtika Konqresi ilk təcrübə deyildi. Bu mötəbər tədbir hələ Sovet dövründə ­– 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda keçirilmişdi. Bu, SSRİ coğrafiyasında təşkil olunmuş ilk və yeganə konqres idi. Tədbirin Bakıda keçirilməsi strateji addım idi; kosmik ictimaiyyətin diqqətini Azərbaycanda cəmləşdirmək, ölkədə bu sahəni inkişaf etdirmək məqsədi daşıyırdı.

50 il sonra konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilirdi. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, lakin ölkə eyni deyildi. İndi həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycan idi. Öz ərazi bütövlüyünü 30 ilə yaxın müddətdən sonra möhtəşəm zəfərlə bərpa etmiş Azərbaycan. Peykləri ilə beynəlxalq kosmik ailənin üzvü olan Azərbaycan. Yerli mütəxəssislərinin idarə etdiyi peyklərlə 45-dən artıq ölkəyə xidmət göstərən Azərbaycan.

Rəsmi Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün ciddi hazırlıqlar görmüşdü. Ən kiçik detaldan – taksilərdə, küçə və prospektlərdə banerlərin asılmasından tutmuş, tədbir məkanının hazırlanmasına, möhtəşəm açılış mərasiminin tərtibinədək hər şey dəqiqliklə və kreativliklə düşünülmüş, uğurla reallaşdırılmışdı. Məhz bu amillər sayəsində Bakı Konqresi nəinki ümidləri doğrultdu, hətta gözləntiləri aşdı.

Unikal tədbirə unikal start

Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış mərasimində qeyd etdi ki, konqres kosmik ictimaiyyətin nümayəndələri üçün unikal bir hadisədir. Onlar öz təcrübələrini paylaşmaq, həmkarları ilə görüşmək, yeni əlaqələr yaratmaq üçün yalnız ilin bu vaxtı bir araya gələ bilirlər.

Bakı Konqresinin tədbirləri Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil edilmişdi. Bundan əlavə, iki mərkəz arasındakı ərazidə 8000 kv.m sahədə müvəqqəti sərgi pavilyonu inşa olunmuşdu. Orada 36 ölkədən 150 şirkətin stendi təqdim edilirdi.

Konqresin təntənəli açılış mərasimi kompozisiya baxımından unikal xarakter daşıyırdı: planetlərin simulyasiyası, Azərbaycan tarixi və mədəniyyətinin orijinal təqdimatı, kainatın 4 əsas elementi olan su, od, hava və torpağın 4 musiqi janrının – caz, rok, klassik musiqi və muğamın dili ilə ifadəsi kosmosun özü kimi qeyri-adi mühit yaratmışdı.

Beynəlxalq kosmik icma adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə edilən sürpriz onun bu tədbirin təşkilinə birbaşa və böyük dəstəyinə minnətdarlığın ifadəsi idi. Dövlət başçısının Ulu Öndər Heydər Əliyevlə birgə 1973-cü il Bakı Konqresində çəkilmiş fotoşəkili kosmik stansiyaya göndərilib. Yerə qaytarılmış tarixi foto 24-cü konqresin digər 4 atributu ilə birlikdə Prezident İlham Əliyevə təqdim olundu.

Məşhur israilli tarixçi və yazıçı Yuval Noy Hararinin tədbirdə xüsusi qonaq qismində iştirakı və çıxışı Bakı Konqresinin rəngarəngliyinin, həm də nüfuzunun göstəricisi idi.

İlklər, rekordlar

Bakı Konqresinin qızğın müzakirə platforması olacağını, qlobal miqyasda maraq doğuracağını təxmin etmək çətin deyildi. Hələ hazırlıq dövründə əldə olunan rekord göstəricilər bunu proqnozlaşdırmağa imkan verirdi.

Konqresə 95 ölkədən 3600 elmi məqalə təqdim olunmuşdu. Bu, “IAC” tarixində ölkə sayı ilə bağlı rekord rəqəm idi. Həmin məqalələrdən 2311-i konqresə qəbul edilmişdi. Yeri gəlmişkən, Azərbaycan da bu il həmin istiqamətdə ilkə imza atmışdı. Tədbirə rekord sayda – 214 məqalə ilə qoşulmuşdu. Azərbaycan ən çox elmi məqalə təqdim edən ölkələr siyahısında ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşmışdı.

Bakı Konqresi, həmçinin əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanmışdı. 22 şirkət tədbirə sponsorluq paketi almışdı. Bu, son beş ölkədə ­­– Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi.

Daha bir rekord nəticə isə tədbir zamanı qeydə alındı: Bakı Konqresində 132 ölkədən 5404 nümayəndə iştirak edirdi. “IAC” tarixində ilk dəfə idi ki, tədbirə bu sayda – 132 dövlətdən təmsilçi qoşulmuşdu. Ən böyük nümayəndə heyətləri Hindistan, ABŞ, Çin və Türkiyədən gəlmişdi. Özbəkistan, Türkmənistan və Qazaxıstan isə konqresdə ilk dəfə qatılmışdı.

Çatılmış hədəflər

Bakı Konqresinin konkret hədəfləri vardı. Onlardan biri tədbirdə gənclərin daha geniş miqyasda iştirakını təmin etmək idi. Ümumiyyətlə, kosmos sənayesinin inkişafına gənc nəslin cəlb olunması Beynəlxalq Astronavtika Federasiyasının əsas məqsədlərindəndir. Dünyanın, ölkələrin gələcəyi gənclər hesab olunduğu kimi, kosmik aləmin parlaq sabahı da məhz onlardan asılıdır.

Bakı Konqresi öz hədəfinə çatdı: tədbir iştirakçılarının 50%-ni 35 yaşa qədər olan gənclər təşkil edirdi. Tədbirə təkcə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xətti ilə 500 tələbə qoşulmuşdu. Eyni zamanda Türkiyənin “Teknofest” festivalının 500 yarışmaçısı tədbirə gəlmişdi.

Konqresin digər hədəfi isə Beynəlxalq Astronavtika Federasiyası sıralarının genişləndirilməsi idi. Bu istiqamətdə də rekord göstərici əldə edildi. İlk dəfə olaraq 55 təşkilat eyni vaxtda – məhz Bakı Konqresi zamanı bu ailəyə üzv oldu.

Gündəmdə olan gündəlik

74-cü Beynəlxalq Astronavtika Konqresinin gündəliyi zəngin oldu: 5 gün ərzində 423 interaktiv təqdimat, 168 texniki, 7 plenar sessiya və 20 qlobal netvörkinq forumu keçirildi.

Tədbirlərdə kosmosun tədqiqi, kosmosa əsaslanan naviqasiya sistemləri, xidmətləri və tətbiqlərində irəliləyişlər, Yerin müşahidəsi üzrə beynəlxalq əməkdaşlıq kimi bir çox trend mövzularda müzakirələr aparıldı. Bundan başqa ilk dəfə olaraq Bakı Konqresində ABŞ və Afrikadan olan nümayəndələrlə dəyirmi masalar keçirilməsinə nail olundu.

Bakı Konqresinin zirvə nöqtələrindən biri oktyabrın 5-də “Space X” şirkətinin təsisçisi İlon Maskın tədbirdə onlayn formada çıxış etməsi oldu.

Vurğulayaq ki, İ.Mask Bakı Konqresinin ilk günündə kosmos sahəsindəki nailiyyətlərinə görə Beynəlxalq Astronavtika Federasiyasının “Dünya kosmos mükafatı”na layiq görülmüşdü.

İ.Mask onlayn çıxışı zamanı “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırdı, hazırda icrası davam edən layihələrinin təfərrüatlarını bölüşdü. O qeyd etdi ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipajı, həmçinin yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. “Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir. İ.Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür.

Təsadüfi deyil ki, növbəti rekord göstəricini İ.Maskın bu çıxışı qazandı. “X” platformasında onun 60 dəqiqəlik onlayn çıxışının yer aldığı paylaşımına 40 milyondan artıq baxış oldu.

Yeni üfüqlərə doğru

Beşgünlük Bakı Konqresi dünya kosmos icmasına əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi, gənclərin bu sahəyə cəlb olunması baxımından əhəmiyyətli töhfələr verdi.

Tədbir Azərbaycan üçün beynəlxalq nüfuzun yüksəldilməsi, imkanların tanıdılması ilə yanaşı, yeni tərəfdaşlıq münasibətlərinin qurulması cəhətdən faydalı oldu.

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos konqres çərçivəsində bir sıra müqavilələr bağladı. Bunlar arasında ən əhəmiyyətlilərindən biri “Israel Aerospace Industries” (IAI) şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsi oldu. Həyata keçiriləcək “Azersky-2” proqramı iki yüksək ayırdetməli elektrooptik sensora malik Yerin məsafədən müşahidə peykinin hazırlanmasını əhatə edir. Peyklərdən biri azərbaycanlı mütəxəssislərin iştirakı ilə İsraildə, ikincisi isə şirkətin dəstəyi ilə Azərbaycanda hazırlanacaq.

Azərkosmos və “ICESCO” arasında bağlanmış əməkdaşlıq müqaviləsi də mühüm əhəmiyyətə malikdir. Azərkosmosun Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun təqdim etdiyi “Biznes, innovasiya və elm” adlı layihəyə təşkilat 500 000 dollardan artıq investisiya ayıracaq.

Belə nəticəyə gəlmək olar ki, Bakı Konqresi ölkədə başlayan yeni texnoloji inkişaf prosesinə stimul verəcək. Prezident İlham Əliyev bunu tədbirdəki çıxışında xüsusi vurğuladı: “Bakıda keçirilən bu konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir”.

Bu o deməkdir ki, Azərbaycan müasir çağırışlara uyğun inkişaf yolu ilə irəliləyərək, innovativ cəmiyyət qurmaq uğrunda mühüm addımlar ataraq daha böyük uğurlar qazanacaq: həm Yer kürəsində, həm kosmosda. Qazanılanlar isə sülhə və bəşəriyyətin rifahının yaxşılaşdırılmasına xidmət edəcək.