Bakının dərdi var... – - Fotolar

bakinin-derdi-var-
Oxunma sayı: 1872


“Qafqazinfo” xəbər verir ki, bu barədə bizimyol.info-ya Pirşağı sakinləri bildiriblər. Şikayətçilər deyirlər ki, məsələdən yerli və mərkəzi icra hakimiyyəti qurumlarının xəbəri var. Sakinlərin sözlərinə görə, Saleh Hüseynzadə küçəsində torpaq alıb ev tikərkən icra qurumları və bələdiyyədən onlara deyiblər ki, çirkab suları 10 saylı sanatoriya tipli internat məktəbinin yaxınlığında yerləşən əraziyə axıtsınlar. Sakinlər öz hesabına kanalizasiya xətti çəkərək illərlə çirkab suları həmin əraziyə axıdıblar. İndi həmin ərazini satın alan Bahəddin adlı şəxs bura gələn kanalizasiya xəttinin qarşısını kəsib. Nəticədə kanalizasiya suyu yola və evlərə axıb. Sakinlərin etirazından sonra o təklif edib ki, ev sahibləri 4 min pul toplayıb ona versinlər, problem həll ediləcək. Sakinlər adambaşına düşən pulu yığıb Bahəddinə veriblər, o da pulu alıb yoxa çıxıb. 

Sözügedən problemdən Saleh Hüseynzadə küçəsində yerləşən 10 saylı sanatoriya tipli internat məktəbinin müəllim və şagird kollektivi də əziyyət çəkir. Hər an insanların xəstəliyə yoluxma ehtimalı var. Belə ki, məktəbin hasarının ətrafına çirkab sular toplanıb. 

Havaların isti keçməsi vəziyyəti kritik həddə çatdırıb. Üfunət qoxusundan həm bayırda, həm də evdə nəfəs almaq ürək bulandırıcı olub. Evlərin divarları ətrafında və nəqliyyat üçün nəzərdə tutulan yolda bataqlıqlar yaranıb. Çirkab suyu xəstəlik mənbəyi olub. Məktəblilər narahatdır ki, 20 gündür yaranmış bataqlıq sentyabrda başlanacaq yeni tədris ilində onlar üçün də həll olunmaz problem olacaq. Çünki Pirşağı qəsəbəsinə kanalizasiya şəbəkəsinin 2014-2016-cı il Dövlət Proqramına uyğun olaraq çəkiləcəyi planlaşdırılıb. 

Sakinlər deyirlər ki, qəsəbənin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının olması üçün də aidiyyatlı dövlət qurumları iş görməyiblər. Sakinlər şəxsi maliyyə vəsaitləri hesabına qəsəbəyə və evlərinə su, elektik xətləri çəkiblər. Kanalizasiya şəbəkəsini qurmaq isə onların imkanları xaricindədir. Şikayətçilər müvafiq dövlət qurumlarından qısa zamanda kanalizasiya sisteminin qurulması üzrə işlərin görülməsini tələb edirlər.