Bakının memarlıq abidələriylə bağlı kitab

bakinin-memarliq-abideleriyle-bagli-kitab
Oxunma sayı: 1752

Bu günlərdə « TEAS Press » Nəşriyyat evi tərəfindən nəşr edilən “Баку. Краткий очерк истории города по памятникам зодчества” (« Bakı. Şəhər tarixinin memarlıq abidələri üzrə qısa oçerki ») adlı kitab işıq üzü görüb. Rus dilində qələmə alınan əsər Bakının orta əsr tarixinin tədqiqi baxımından müstəsna əhəmiyyətə malikdir. Kitabın müəllifi tanınmış azərbaycanlı memar, Memarlar və Rəssamlar ittifaqlarının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rüfət Acalovdur.

“Qafqazinfo” xəbər verri ki, kitabda Bakı şəhərinin tarixindən qısaca bəhs olunur, arxitektura abidələri prizmasından yanaşılmaqla orta əsrlər şəhərinin ümumi mənzərəsi yaradılır. Oxucu memarlıq-arxitektura simasında “köhnə” ilə “yeni”nin çulğaşdığı Bakı şəhərinin özü ilə bilavasitə tanış olmaq imkanı qazanır.

Kitabın müəllifi arxeoloji məlumat və abidələri, yazılı mənbələri, kartoqrafik və arxiv materiallarını müqayisə edərək Bakının qədim tikili və abidələrinin plan və quruluşunda, habelə kompozisiyasının xarakterində baş vermiş dəyişikliklər barədə çox maraqlı mülahizələr irəli sürüb. Bu dəyişiklikləri müxtəlif tarixi mərhələlərdə ardıcıllıqla izləmək mümkündür.

Müəllif Bakı tarixinin istedadlı xəttatlar, usta və memarlar tərəfindən yazılan səhifələrini təmkin və bacarıqla vərəqləyərək orta əsrlər şəhərinin həyatının canlı mənzərəsini yaratmağa nail olub.

Bu tədqiqat əsərində çoxsaylı faktoloji materialdan istifadə olunub, onlardan nümunələr gətirilib. Həmin materiallar da sübut edir ki, Bakı tarixinin kökləri lap qədimlərə gedib çıxır. Kitabda Bakı şəhərinin adının mənşəyinin də təhlili verilir, onun mənbələrdə rast gəlinən ən müxtəlif variantları sadalanır.

Müəllif köhnə Bakının VII-XVIII əsrlərdə hansı struktur dəyişikliklərinə məruz qalmasını da bu kitabda əhatəli şəkildə araşdırıb. Bu liman şəhərinin ta XIX əsrə qədər qala divarları çərçivəsindən kənara çıxmadan müxtəlif ölkələri həm quru, həm də dəniz yolu ilə necə birləşdirdiyini təsvir edib.

Bu əsər bir memarın İçərişəhərdə qorunub saxlanan mədəni irsə baxışıdır. Bu araşdırmalar ictimai mənafelərə yönələn və oxucularda xüsusi diqqət və maraq oyatmalı olan mükəmməl elmi-tədqiqat işidir.

İçərişəhər qoruğuna dair bələdçi kitabı da demək olan bu əsərin həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanacağına şübhə yoxdur.