Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə əraziyə giriş sərbəst olub.
Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edib.
Festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyıb.
Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil edilib, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılıb.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim edilib. Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biliblər. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanıb. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılıb.
Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. Art zona, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.
Rəngarəng festivaldan uşaqlar da, valideyn və müəllimləri də məmnun qalıblar. Paytaxtın 32 saylı məktəbin 5-ci sinif şagirdi Aysel Allahverdili tədbirə öz sinif yoldaşları ilə qoşulub: “Mən bayram münasibətilə bütün uşaqları təbrik edirəm. Burada mən şahmat oyunlarını daha çox bəyəndim. Məncə, bizim üçün yaradılan bu şərait çox gözəldir. Buna görə hamıya təşəkkür edirəm”.
Tədbirə qızı Nəzrinlə gələn Günel Ələsgərova da belə festivalın keçirilməsini yüksək qiymətləndirib:
“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı öz uşaqlarım başda olmaqla bütün uşaqları təbrik edirəm. Övladlarımıza firavan ömür, sağlam can, sağlam dünyada yaşamağı arzu edirəm. Bugünkü tədbir çox gözəldir, əlbəttə ki, uşaqlar çox əylənirlər. Yeni, motivasiya verici proqramlar öyrənirlər, qalib olurlar. Şahmat turnirləri təşkil olunur, uşaqlar beyinlərini inkişaf etdirirlər. Çox bəyəndim, çox gözəl atraksionlar var, çox gözəl tədbir təşkil olunub”.
132 saylı məktəbin müəllimi Ləman Rəhmanlı da bu festivalın uşaqlara böyük sevinc bağışladığını vurğulayıb: “Uşaqlar çox sevinclidirlər, əyləndilər, qayıqda üzdülər, ip dartma yarışında iştirak elədilər. Çox gözəl festivaldır, çox gözəl də təşkil olunub. Uşaqların üzlərindəki bu sevinci görmək çox qürurvericidir”.
Beləliklə, Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilib və unudulmaz bayram sevinci yaşanılıb.
Gülnar Əliyeva
Foto: Pərvin Zeynal





















