Bakıya kəşfiyyat papaqlarını kim gətirir? -

bakiya-kesfiyyat-papaqlarini-kim-getirir-
Oxunma sayı: 2064


Rejissor Stanislav Qovoruxinin “Görüş yerini dəyişmək olmaz” filmindən sonra SSRİ üzrə ümumi göstəricidə cinayətkarlığın səviyyəsi azalıb. Bunun səbəbləri barədə hüquq-mühafizə orqanları çox düşünməyib. Onlara elə gəlib ki, milis orqanlarının peşəkarlığı, eləcə də sahə müvəkkillərinin sakinlərlə tez-tez canlı təmasa girməsi cinayətkarlığığın azalmasına gətirib çıxarıb. Çox sonralar məlum olacaqdı ki, filmdə banditizm və terrorizm idarəsinin (MUR - müəl.) təbliğatından sonra gizli qruplar qorxuya düşüb. Həmin idarənin fəaliyyəti necə təbliğ olunmuşdusa, potensial cinayətkarlar qorxuya düşmüşdülər. 

Ümumiyyətlə, özlərinə dair nazirliklərin təbliğatı ilə daha çox Amerika Birləşmiş Ştatları məşğul olur. Nəinki, nazirliklərin, eləcə də idman oyunlarının, estrada müğənnilərinin təbliğatını da çox edirlər. İndi dünyada Amerikanın kəşfiyyat orqanları, dəniz piyadaları, xüsusi təyinatlılarının adını eşidəndə qorxuya düşənlər çox olur. Çünki həmin qurumlar Hollivud kinoşirkətlərinin büdcəsinə pul keçirib özlərini təbliğ edirlər.

Təsəvvür edin, əksər Hollivud filmlərində beysbol təbliğ olunur. Bu idman növünə dair yüzlərlə film var. Bununla nə demək istəyirlər? Məqsəd böyükdür. Həm demək istəyirlər ki, bizim heç yerdə olmayan belə idman növümüz var. Həm də belə etməklə adamların həmin idman növünə rəğbətini artırırlar ki, bilet çox satılsın, büdcəyə pul gəlsin. Filmin çəkilişi üçün ayrılan pul dəfələrlə çıxarılır. 

Yaxud, Hollivud filmlərinə baxanda elə güman olunur ki, Amerikanın bütün qadınları gözəldir. Rejissorlar belə təəssürat yaratmağı yaxşı bacarırlar: “Bizim qadınların gözəlliyindən dünyada yoxdur”. Halbuki, orada heç də hamı gözəl deyil. Amma təəssürat yaratmaq böyük istedaddır. Biz isə seriallara bəzən elə qadınları tapıb çəkirik ki, kənardan baxan olsa, elə bilər dünyanın ən çirkin qadınları Azərbaycandadır. Məsələ burasındadır ki, olanımızdan da səmərəli şəkildə istifadə etməyi bacarmırıq.

O təəssüratı da yaradırlar ki, dünyanın seks simvolları yalnız okeanın o tayından çıxa bilər. Merilin Monro öləndən sonra yeni seks simvol yaratdılar. Bu Madonna oldu. Madonna qocalandan sonra Britni Spirsi ortaya atdılar. Bir sözlə seks simvollar məsələsinə baxan təkilatçılar bu işi ideal qaydada həyata keçirdilər. Və ehtiyatda hələ xeyli belə qadınlar var. Burada nümayiş etdirilir ki, belə simvollar yalnız bizdən çıxa bilər, həm də bir müğənnini, aktrisanı təbliğ etməklə tamaşaçıların sayını artırırlar. Bu da milyon dollarlar deməkdir. 

Yazımı “Görüş yerini dəyişmək olmaz” filmindən başlamışdım. Elə ora gəlirəm. Amerikadakı kinoşirkətlər dövlət qurumlarının sifarişlərini yerinə yetirməkdə maraqlıdır. Çünki sifariş üçün yaxşı pul ödənilir. Federal Təhqiqatlar Bürosu (FBI) və Mərkəzi Kəşfiyyat İdarəsinin fəlaiyyətindən bəhs edən minlərlə film çəkilib. Çox az adam bilir ki, həmin filmlər adıçəkilən qurumların sifarişi əsasında həyata keçirilir. Burada bəzi məqsədlər var. Bütün dünya ölkələrinin sakinlərində təəssürat oyadılır ki, ən yaxşı polis və ən yaxşı kəşfiyyat bizdədir. Kimin çirkin məqsədi varsa, elə indidən bilsin ki, kəşfiyyatçılarımız onları yerin deşiyindən də olsa tapacaq. Belə filmlərlə ölkənin cinayətkar ünsürlərinə də gizli mesaj ötürülür ki, özünüzü yaxşı aparın. Yazımın əvvəlində nahaq yerə bildirmədim ki, “Görüş yerini dəyişmək olmaz” filmindən sonra Sovetlər Birliyində qanun pozuntuiları azalıb. Çünki banditlər qorxuya düşüb. Görün işin harasıdır ki, FBI yazılan papaq və köynəklər Azərbaycanın ticarət mərkəzlərinə də gəlib çatıb. Hollivud filmlərindən təsirlənən bəzi gənclər həmin papaqları başlarına qoyub fəxrlə paytaxtın küçələrində gəzirlər. Bu necə olur ki, xaricin təhlükəsizlik qurumunun papaqları ölkəmizə də gəlib çatıb? Çünki Hollivudun təbliğatı möhtəşəmdir. Onlar piarı yaxşı bacarırlar. Həm də o papaq və köynəklərə burada təlabat olmasa heç gətirilməz. Deməli, gənclərimiz piara uyub sözügedən orqana simpatiya bəsləyirlər. Amma bu simpatiya məqsədyönlü şəkildə deyil, sadəcə, anlaşılmazlıqdandır. Bu o deməkdir ki, kino böyük qüvvədir. 

Güc nazriliklərinin piarı sovet illərində də olub. Günlərin birində KQB sədri Yuri Andropov daxili müşavirədə qeyd edib ki, qurumun fəaliyyətini təbliğ etmək lazımdır. Yazıçı Yulian Semyonova tapşırılıb ki, KQB barəsində ssenari yazsın. O da sovet kəşfiyyatçılarının gərgin və fədakar əməyindən bəhs edən “Baharın 17 anı” adlı ssenari yazıb. Həmin film çox məşhurlaşır və adamların KQB-yə sevgisi artır. 

Bəs, biz istər MTN, istərsə də DİN-i təbliğ edən filmlər çəkirikmi? Xatırlayıram ki, milli kəışfiyyat strukturumuza aid 2-3 film çəkilib. Onlardan biri də Çingiz İldırımın fəaliyyətindən bəhs edirdi. Bir dəfə də rejissor Vaqif Mustafayev həmin qurum barədə sənədli film çəkib, vəssalam. Halbuki, istər “Meşə qardaşları” əməliyyatında, istər “Avrovijn” mahnı yarışması və Bakı Avropa Oyunları zamanı adıçəkilən qurumun böyük rolu olmuşdu. Polislərin əməyinə həsr olunan hər hansı filmlər də sovet illərində çəkilib. Heç onlara dair papaq və köynəklər yoxdur. Halbuki, biz öz qurumlarımızın fəaliyyətini kinolarımıza da gətirməliyik. Axı, təbliğat həm də cinayətkarlığın səviyyəsinin azalması deməkdir. Bununla da niyyəti saf olmayanlara mesaj verilər ki, “bizimlə zarafat etməyin. Kimin çirkin niyyəti varsa, buna cəhd göstərməsin. Çünki biz peşəkarlarıq”.      

“Qafqazinfo”