Xəbər verdiyimiz kimi, Bakı və regionlarda ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı uyğunsuzluqlar aşkarlanıb.
Agentlikdən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinəsi nəticəsində 4 istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulu partiyaları aşağıdakılardır:
Qeyd edək ki, Enterobacteriaceae ailəsinə mənsub olan bakteriyaların bir çoxu patogen xüsusiyyətli olub, insanlarda salmonelyoz, dizenteriya, kolit və mədə-bağırsaq pozğunluqları ilə müşayiət olunan digər qida mənşəli zəhərlənmələrə səbəb olur. Bu bakteriyalarla yoluxma insanlarda həmçinin tənəffüs və sidik yollarının iltihabı ilə nəticələnən proseslərə yol açır ki, bu zaman xəstə insanlarda hərarətin yüksəlməsi, halsızlıq, baş ağrıları və bu kimi digər əlamətlər müşahidə edilə bilər. Odur ki, Enterobacteriaceae bakteriyaları ilə sirayətlənmiş dondurma məhsullarının istehlakı insan sağlamlığı üçün təhlükəli hesab olunur.