“Baku Electronics”dən lisenziyasız satılan məhsulla bağlı - Açıqlama

baku-electronicsden-lisenziyasiz-satilan-mehsulla-bagli
Oxunma sayı: 3019

“Baku Electronics” şirkəti lisenziyasız məhsul satdıqları üçün İqtisadiyyat Nazirliyi tərəfindən barələrində protokol tərtib olunması haqda açıqlama verib.

Şirkətin hüquqşünası Vüqar Məmmədov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, bir müddət öncə müştəriyə satdıqları notbuk və paltaryuyanla bağlı şikayət daxil olub: “Vətəndaşlar məhsulun qüsurlu olduğunu bildirdilər. Biz də araşdırdıq və məlum oldu ki, bu, istehsal qüsuru deyil. Bundan sonra həmin şəxslər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ediblər.

Nazirlik əməkdaşları bu dəfə qüsurla bağlı yox, məhsullarının sertifikatının olub-olmamasını araşdırmağa başladı. Biz də həmin zaman vətəndaşların məhsulları ilə bağlı yaranan qüsuru öz imkanlarımız hesabına həll etdik.

Onlar bizdən sertifikat istədilər, həmin zaman yox idi. Bizim barəmizdə iki protokol tərtib edildi, amma onda bildirdik ki, sertifikat üçün müraciət edilib, veriləcək.

Nazirlik daha sonra protokolu məhkəməyə göndərdi. O vaxta kimi də biz sertifikat aldıq. Yasamal rayon məhkəməsində sertifikatları təqdim etdik və hakimlər hər iki protokola xitam verdi”.

Hazırda İqtisadiyyat Nazirliyi qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, “Baku Electronics” şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə protokol tərtib edilib. Şirkət qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılmasında, bununla bağlı işlərin yerinə yetirilməsində, xidmət göstərilməsində ittiham edilib. 

Bu inzibati xətaya görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İşə mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Murad Əhməd