“BakuBus” qəza törədərək hadisə yerindən yayınıb? - Açıqlama

bakubus-qeza-torederek-hadise-yerinden-yayinib
Oxunma sayı: 2570

"Bəzi KİV-də “BakuBus”ın qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir".

Bu barədə "Qafqazinfo"ya “BakuBus” MMC-dən bildirilib.

Məlumatda qeyd olunub ki, bu gün saat 11:20 radələrində İnşaatçılar prospektində 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı ilə yüngül yol nəqliyyat hadisəsi baş verib. Hadisə yol ayrıcında baş verdiyindən avtobusun sürücüsü hərəkətin təhlükəzliyi üçün bir qədər irəlidə saxlayaraq qəza barədə DYP-nə və sığorta şirkətinə məlumat verib. Qəza barədə Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidməti də məlumatlandırılıb. 

"Həmçinin bildiririk ki, “BakuBus” avtobusları Bakı Nəqliyyat Agentliyinin Mərkəzi Dispetçer Xidmətinə inteqrasiya olunaraq daimi müşahidə altındadır. Hər bir avtobusda sürücü davranışları real vaxt rejimində izlənildiyindən qəza törədərək hadisə yerindən yayınma qeyri-mümkündür. 

Paytaxtımızda mötəbər idman tədbirinin keçirildiyi günlərdə bu kimi qeyri-real məlumatların yayılması heç də təsadüfi deyil. Məqsəd beynəlxalq tədbirlər zamanı uğurla icra edilən nəqliyyat tədbirlərini gözdən salmaqdır. 

Yayılan hər bir yalnış informasiya cəmiyyətdə narahatlıq və çaşqınlıq yaratmaqla yanaşı məlumatı yayan informasiya orqanının obyektivliyini də şübhə altına alır"- deyə açıqlamada bildirilir.