Bal kimi cərimələr...

bal-kimi-cerimeler
Oxunma sayı: 3405



Əvvəla, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində cərimə ballarının tətbiqi təcrübəsi yarım əsrdən artıqdır ki, mövcuddur. ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, İrlandiya, Cənubi Afrika Respublikası, İsrail, Türkiyə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və xeyli sayda digər ölkələrdə cərimə balları (points) sistemi mövcuddur. Hətta Avropa Birliyinin rəsmi orqanları Birliyə daxil olan bütün dövlətlər üçün cərimə ballarının tətbiqinə və nəticələrinə dair vahid qaydalar tətbiq etməyə hazırlaşır. 

Keçmiş SSRİ-də də «cərimə balı» sistemi mövcud olmuşdur. Sadəcə həmin dövrün texnologiyalarına uyğun olaraq «cərimə balı» sürücülük vəsiqəsinə içlik kimi verilən xüsusi talonda dəlik açılmasından ibarət idi. Həmin dəliklərin sayı müəyyən həddə çatanda QAİ şəxsi sürücülük hüququndan məhrum edirdi. 

Lakin bəzi dövlətlərdə cərimə ballarının tətbiqi ilə bağlı maraqlı təcrübə var. Məsələn, ABŞ-da sürücü 18 ay ərzində 11 bal toplayırsa, 1 ay müddətinə sürücülük hüququndan məhrum edilir. Bu ölkədə cərimə ballarının sayından asılı olaraq sürücülərin icbari sığortasının haqqı, habelə sürücülük vəsiqəsini dəyişərkən rüsum da artırılır. 

Rusiyada 2013-cü ildə bal sistemini tətbiq etmək istəyirdilər. Bu ölkədə sürücünün törətdiyi müəyyən qayda pozuntularına görə tətbiq olunan hər 100 rubl (təxminən 4 ABŞ dolları) müqabilində bu sürücüyə 1 cərimə balının tətbiqi, cərimə ballarının sayı il ərzində 200-ə çatdıqda isə 1 ilədək müddətə sürücülük hüququndan məhrumetmə nəzərdə tutulurdu. Lakin şimal qonşumuzda bu sistemin tətbiqi ilə bağlı müxtəlif texniki problemlər, habelə törədilməsinə görə cərimə balları nəzərdə tutulan xətaların dairəsinin tam aydın edilməməsi səbəbindən həmin sistem hələ ki, qəbul edilməmişdir. 

Almaniyada hazırda 18 ballıq sistem mövcuddur və törədilən qayda pozuntusundan asılı olaraq tətbiq olunan cərimə balı 2,5-10 il qüvvədə olur. Sürücü könüllü olaraq sürücülük kurslarına getməklə cərimə ballarını azalda bilir (müvafiq sertifikat təqdim etməklə). Bu ölkədə cərimə ballarını 18-ə çatdıran sürücünün vəsiqəsi 6 ay müddətinə alınır. Həmin müddət bitdikdən sonra şəxs yalnız tibbi-psixoloji müayinədən keçərək (almanlar buna «idiotlar üçün test» deyirlər) vəsiqəsini geri ala bilər. 
İsrailin təcrübəsi də maraqlıdır. Bu ölkədə cərimə ballarının nəticələri onun sayından asılı olaraq nəzərdə tutulur. İlkin cərimə balları 2 il müddətində qüvvədə olur. Balların sayı 22-yə çatdıqdan sonra qazanılan növbəti ballar 4 il müddətinə qüvvədə olur. İsrail qanunvericiliyi cərimə ballarının nəticələrini belə müəyyən edir. 

- 12-dən 22-yə qədər balı olan şəxs sürmə təlimi üzrə kursu keçmək üçün dəvət olunur və yenidən təcrübi imtahan verir. 

- 22-dən 35-ə qədər balı olanlar təkrarən sürmə təlimi üzrə kurs keçirlər və yenə də təcrübi imtahan verirlər. 

- 36 və daha çox bal toplayanlar isə 3 ay müddətinə sürücülük hüququndan məhrum edilirlər və yalnız nəzəri imtahan verdikdən sonra vəsiqələrini geri ala bilirlər.

İsraildə 1 dəfə sürücülük hüququndan məhrum edilmiş şəxs növbəti 6 il ərzində 36 bal yığarsa, sürücülük hüququndan 9 ay müddətinə məhrum edilir. 

Dünyanın bir çox dövlətlərində elə bizdəki kimi 12 ballıq sistem və 1 il ərzində cərimə ballarının 12-yə çatdığı təqdirdə sürücülük hüququndan məhrumetmə var. 

Ərşad Hüseynov 
hüquqşünas