Balakən Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının, rayonun məsul əməkdaşlarının, aidiyyəti dövlət qurumlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladığını qeyd edib.
Başçı ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinin, su təsərrüfatının idarə olunmasının müsbət nəticələrindən danışıb. Rayon rəhbəri bildirib ki, rayon ərazisində torpaqların suvarılması zamanı su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi qərargah yaradılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Qərargahın üzvlərinə, hər bir ərazi vahidi üzrə müəyyən edilmiş suvarma qrafikinə riayət olunması, mütəmadi olaraq monitorinqlər keçirilməsi, suvarma suyunun əkin sahələrinə ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgü və növbəlik prinsipləri əsasında verilməsi məsələsini gündəlik ciddi nəzarətdə saxlanılması, su istifadəçilərindən daxil olan şikayətlərə operativ qaydada baxılması, su israfçılığına, habelə qrafikin pozulmasına yol verən şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi üçün tapşırıqlar verib.
Müşavirədə rayonda əkin sahələrinin suvarılması zamanı sudan səmərəli istifadə olunması üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəyi bildirilib.



Son xəbərlər
Son Xəbərlər