Balakəndə vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Balakəndə vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Oxunma sayı: 1105

Balakəndə vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Paxırov Elsevər Eyvaz oğlu, Rəşidov Tural Fazil oğlu və Məmmədov Kamal Şamil oğlunun dəfn olunduqları “Şəhidlər Xiyabanı" anım mərasimləri keçirilib.

Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Kamilə Əliyeva, general-mayor Azər İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsinin rəisi Qabil Rzayev, digər rəsmilər, rayon sakinləri, şəhidlərin yaxınları iştirak ediblər.

Tədbir iştirakçılar şəhidlərin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, bu qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib.

Digər çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Elsevər Paxırov, Tural Rəşidov və Kamal Məmmədov iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra Elsevər Paxırov “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Döyüşdə fərqlənməyə görə” medalı,Tural Rəşidov “Qarabağ” ordeni, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və Kamal Məmmədov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid yaxınları oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıb, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Mərasimdə məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.