Balaxanıda istehsal olunan məhsullar ABŞ-a ixrac edilir

balaxanida-istehsal-olunan-mehsullar-abs-a-ixrac-edilir
Oxunma sayı: 2674

Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.

İqtisadiyyat Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bununla əlaqədar olaraq təşkil olunmuş tədbirdə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov Balaxanı Sənaye Parkında təkrar emal sahəsində görülən işlər, sənaye parklarında sahibkarlar üçün yaradılmış əlverişli şərait barədə məlumat verib. Bildirilib ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Sərəncamı ilə yaradılıb. Park 8,3 hektarlıq ərazidə yerləşir.

Təkrar istehsal sahəsinə maraq göstərən sahibkarlara münbit işgüzar mühitin yaradıldığı Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulka və materialların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı və s. sahələri üzrə 8 rezident fəaliyyət göstərir. Daha 9 rezident 11 istehsalat sahəsi üzrə yaxın vaxtlarda fəaliyyətə başlayacaqdır.

Ümumilikdə isə, Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən 41,5 mln. manat investisiya qoyuluşu və 680 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb.