“Anam fars dilini bilmir”

anam-fars-dilini-bilmir-
Oxunma sayı: 816

Hörmətli Tahir Abbaslı!
Salam

Ramazan bayramınız mübarək olsun
Yazdığınız cavaba görə təşəkkür edirəm. Baxmayraq ki yazınızı acı başlamısınız, amma şirin davam edib və bitirminisiniz. Başqa münasibət bildirənllərlə müqayisədə siz mənim fikirlərimə məntiqli yanaşmısınız. Əlbəttə mənə bəzi tənələr və ittihamlar vurmusunuz ki, onları qəbul etmirəm. Bunu mənim düşüncələrim haqqında məlumatınızın az olmağının hesabına yazıram.
Mənim Azərbaycanın və hər ölkənin hörmətli və müstəqil ziyalılarına böyük hörmətim var. Özümü də ömrümün axırına qədər yalnız və yalnız bir tələbə hesab edirəm. Birinci imamımız H.Əli (ə) buyurur: “Hər kəs mənə bir kəlmə öyrətsə, məni özünə qul edib. Elə bunun üçün də mən lazım gələrsə, heç kimin əlini öpmərəm ancaq müəllimlərimin”.
Məni sənədsiz və sübutsuz ittihamlandırmısınız ki, zahirimlə batinim fərqlidir, guya mən yalan danışıram. Əsla və əbəda belə deyil. Mən müstəqil bir insanam və müstəqil fikirləşirəm. Sadəcə, çalışıram hissiyatımla bir tərəfi, ya da bir mövzunu tutmayım. Bilirəm ki, bu metod düzgün deyil. Kimdənsə də asılı deyiləm. Elmi və sənədli danışığa va yazmağa üstünlük verirəm. Məqsədyönlü də yazmıram. O sadaladığım işlər də səfir olan zamanımda olmayıb. 1994-1996-cı illəri əhatə edir. O zaman ki, Azərbaycanda İran səfirliyinin müvəqəti işlər vəkili idim. Demirəm də kimsə bir iş görməyib, yalnız mən bir sıra işləri görmüşəm. Sadəcə, gördüyüm işlərin bəzilərindən söz açmışam. Məncə, bu günah, suç deyil.
Mən imperiyadan, qaliblikdən yazmaq istəməmişəm, sadəcə, reallıqlardan yazmaq istəmişəm. Söhbət farsdan, türkdən, şovinizmdən, imperiyadan getmir. Söhbət insalıqdan, dostluqdan və düz, sənədli, elmi və ağıllı danışmaqdan və yazmaqdan gedir. Söhbət tarixin təhrif olunmamasından gedir. Əgər biz hansısa xalqın və millətin tarixini təhrif etsək, bizim tariximizin təhrif etməyinə imkan yaradırıq və bu işə yaşıl işıq göstəririk.
Siz mənim sağdan da, soldan da oxumaq bacarığımı məmur olmaq hesabına qoymusunuz. Təəssüf edirəm ki, bir sıra insanlar İranda və Azərbaycanda Allahdan və vicdan əzabından qorxmadan sənədsiz və sübutsuz kimlər isə iftira atırlar. Mən əqidə yolunda cihad etməyə çalışıram. Bu da İslam peyğəmbəri tərəfindən həyatın mənası deməkdir. Sizi də, sizin kimi düşünənləri də burda da, orada da Allaha tapşırıram. Hər halda, zaman hər şeyi üzə çıxarır.
Əslində, Allah bu imkan yaradıb ki, mən ərəb və fars dilini sağdan oxuya bilim Azərbaycan dilində indiki əlifbasını da və ingilis dilində sol tərəfdən oxumağı bacarım. (Əslində, əgər siz Azərbaycan dilinin keçmiş və əsas əlifbasını qorusaydınız, siz də Azərbaycan dilini elə sağ tərəfdən oxumalı idiniz. Eyni zamanda, hər bir müsəlman Qurani-Kərimi sağ tərəfdən oxumalıdır ona görə ki, Quranın sözləri ərəb dilində göndərilib. Ona görə ki, Həzrəti Məhəmməd (s.ə.) ancaq ərəb dilini bilirdi. Siz də Quranı əsas dilində oxumağı bacarsanız, elə sağ tərəfdən oxumalı idiniz). Necə ki, mərhum Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dilini sağ tərəfdən yazıb-oxuyurdu və Müsavat Partiyasının məramnaməsi də elə Azərbaycan dilində ərəb əlifbasında yazılıb. Azərbaycan arxivlərinə müraciət etsəniz, onun sübutunu görərsiniz. Bəlkə də müraciət edib və görmüsünüz.
Sağdan və soldan oxumağı bacarmaq göstərir ki, ifrat və təfrit olmamalıdır və müştərək nöqtələr üzərində durmaq gərəkdir. Necə ki, İslam peyğəmbəri buyurur: “Xəyrəlomur ovsətəha”. Yəni, bütün məsələlərdə ortaq vəziyyəti tutmaq lazımdır və bu ədalət deməkdir. Bu gün dünyanın problemlərinin əsası elə peyğəmbərimizin bu tövsiyəsinə əməl etməməkdədir.
Siz yazınızda ən çox tarixi məsələlərə toxunmusunuz və mənim başqa yazdığım fikirlərə qarşı çıxmamısınız. Deməli, çox mövzularda ortaq fikrimiz var ki, bu özü umid vericidir.
İran tarixi haqda mənim yazdığımı yanlış hesab etmisiniz. Xatırlatmalıyam ki, mən yazdığım məsələləri tarixi ədəbiyyatlardan istifadə edərək yazmışam. Təbii ki, burada söhbət sizin və mənim yaxud kiminsənin yazısından getmir. Bütün yazılar tarixi düzgün sənədlərə əsaslanmalıdır. Bunu da bilməliyik ki, tarixi ədəbiyyatlarda təhrif olan mövzular da az deyil. Buna görə də mən təklif etdim ki, bu cür tarixi mövzularla əlaqədar konfranslar keçirilsin. Oqtay müəllimdən xəbər çıxmadı. Sizə də təklif edirəm partiyanız tərəfindən bu haqda ardıcıl, vaxtaşırı kofrans keçirin ki, həm camaatda olan sorğu-suala cavab verilsin həm də sizin partiya Azərbaycanda və xaricdə daha artıq tanınsın.
Qısaca olaraq sizə xatırlamaq istərdim ki, siyasi sistemin adı ilə olkənin adını qarışdırmamaq gərəkdir. İran şahlarının adı və İran ölkəsi adı iki şeydir, bir şey deyil. Elə Pəhləvi dövründə də, baxmayaraq ki, siyasi sistemin adı Pəhləvi şahlığı idi, amma ölkənin adı İran idi. Səfəvilər vaxtından da ölkənin adı İran idi, amma siyasi sistemin adı Səvfəvi şahlarının adı ilə gedirdi. Hər halda, hərə öz fikrini yazır və hansısa ədəbiyyatlara əsaslanır. Bunları dəqiqləşdirmək üçün konfrasların keçirilməsi zəruridir. Hərçənd ki, bunları araşdırmaq indiki vəziyyətə mənfi təsir qoymamalıdır. Əsas budur ki, İran və Azərbaycan müstəqil dövlətlər və onların milli hakimiyyətləri və ərazi bütövlüyü toxunulmazdır. Bununla yanaşı, tarixçilər tarixi məsələlərlə, incəsənətçilər incəsənət məsələlərilə və başqaları da öz ixtisaslarına aid öz işlərilə məşğul olmalı idilər. Amma bütün çalışmalar millətlərimizi bir-birinə mehriban etməlidir. Dövlətlərdə millətlərin istəklərinə səmimi və demokratik yanaşmalıdırlar və öz aralarındakı məsələləri dostluq atmosferində həll etməlidirlər və millətləri bir-birinə qarşı çıxarmaqdan çəkinməlidirlər.
Yazınızda mənim fars və İran adının rəsmi olması ilə bağlı tənqidi fikirləriniz var. Elə konfranslarda bunların hamısına aydınlıq gətirmək olar. Qısaca xatırlamalıyam ki, vəhşi Bafqinin şeirinin başqaları ilə müqayisədə zəif olması səfəvi dövürndə fars dilinə əhəmiyyət verilməməsi anlamına gəlməz. Ona görə ki, zaman zaman Hafizdən, Sədidən, Nizamidən, Firdovsidən bəri şairlər zəif şeirlər yazıblar. Elə indi də İranda baxmayarq ki, fars dili rəsmi dildir, şairlər Hafiz və Nizami kimi fars dilində şeir yaza bilmirlər. Eyni zamanda, deyirlər fars dili şeir dilidir, amma demirlər fars dilində şeirlər fars dilinin hamısı deməkdir.
Siz Osmanlı imperiyasında fars dilinin işlənməsi və türk dilində fars kəlmələrin olmasını ancaq dini mətnlərdə olmasını deyirsiniz. Amma bir az axtarsaz, siz sadaladığınız bəzi kəlmələrdən əlavə bir çox kəlmələr var ki, dinə aid deyil. Yəni, bir çox fars kəlmələri var ki, türk dilində istifadə olunur, amma dinə aid deyil. Məsələn, siyah (qara) kəlməsi türk dilində çox işlənir. Türk kanallarin seyr etsəniz, çoxlu ərəb və fars kəlmələrilə rastlaşarsınız. Əlbəttə, onlar Atatürk zamanında dil sahəsində islahatlar ediblər və edirlər buna rəğmən ərəb və fars kəlmələri türk dilində az deyil. Uzaqa getməyək elə “həftə” kəlməsi fars kələməsidir. Həft yeddi deməkdir. Həftə yəni, 7 gün. İranda da indi işlənir. Hətta günlərin adlarında da fars kəlmələri var. Çərşənbə yəni, 4 şənbə, 4-cü şənbə. Pərşənbə yəni, 5 şənbə. Elə şənbə özü də fars kəlməsidir. Əlbəttə, mən dilçi deyiləm. Bunları asılı olmayan və müstəqil dilçilər daha əla bilər. Biz də onlardan öyrənməliyik. Yazı uzun olmasın deyə çox misal gətirmirəm.
İran Ana Yasasına istinad edib mənim sözümü rədd etmisiniz. Bilmirəm, hansı mətnə istinad etmisiniz, amma Ana Yasasının fars dilində yazılan nüsxəsində dəqiq yazılıb ki, fars dili ilə yanaşı, İranda yaşayan bütün xalqların öz dillərinin tədisi məktəblərdə azaddır və bu yerinə yetirilə bilər. Sadəcə, ona zəmin yardılmalıdır, İran qanunlarının çərçivəsində.
Pəhlvəvi şahlığından da yazmısınız. Baxmayaraq ki, elə o dövrdə müsbət işlər də olub, amma mən də 18-19 yaşında olanda Pəhləvi rejiminin əleyhinə öz növbəmdə mübarizə aparırdım. Pəhləvi rejimi anti-Azərbaycan idi. O zaman İranda Azərbaycan dilində heç qəzet də çıxmırdı, tele-radioda Azərbaycan dilində verliş yasaq idi. Amma islam inqilabından sonra imkanlar çoxaldı. Birinci addım elə Ana Yasasında 15-ci və 19-cu maddələrin dərc olması və İranda yaşayan bütün xalqlara bərabər hüququn tanınmasıdır, sonra da tele-radioda, qəzetlərdə və kitablarda bu dildən istifadə etmək imkanının yaranması. Əlbəttə, bu qane edici deyil. Amma onu bilməliyik ki, heç bir ölkə ərazi bütövlüyünün ələyhinə aparılan işləri qəbul etməz. İran hakimiyyəti gərək əmin ola ki, xalqların məktələrdə öz dillərində təhsil almaları İranin ərazi bütövlüyünün əleyhinə deyil. O zaman 15-ci maddə həyata keçirilər. Bu məsələ də elə başqa problemlər kimi İran daxilində, İran əhalisinin əli ilə həll olunmalıdır. Kimsələr xaricdən bu mövzuyla əlqədar nəsə etsə onda 15-ci maddə gərçəkləşə bilməz. Türkiyə dövləti kürd problemini həll edə bilibmi?
Azərbaycanda “Talış-Muğan Respublikası” yaratmaq istəyənlərlə mərhum H. Əliyev nə etdi? Bu sahədə çoxlu misallar gətirmək olar. Amma yazı uzun olmasın deyə keçirəm.
Mən yazımda deməmişəm ki, keçmişdə, məsələn Səfəvi dövründə Azərbaycan dili istifadə olunmayıb . Elə mən özüm də Şah İsmayıl Səfəvi ilə yerliyəm. İndi də Azərbaycan dilində danışıram. Yazdığım kimi, hələ mənim anam fars dilini bilmir öz ana dilini yəni, Azərbaycan dilini danışır. Söhbət rəsmi dildən gedir ki, fars dili olub. Amma o zaman da, indi də İran azərbaycanlıları öz dillərində yazır və danışırlar. Əlbəttə fars kəlmələri təhsil almış azərbaycanlılar arasında ana dillərində danışan da çoxalıb. Hərçənd ki, fars dilində Azərbaycan dilindəki kimi ərəb kəlmələri də az deyil. Mənim və sizin yazılarınızda da bunlar özünü göstərir. İndi İranda xeyli insan var ki, fars dilini bilmirlər və öz ana dillərində danışırlar, o cümlədən İran azərbaycanlıları. Əslində, bu qrup insanlar Azərbaycan dilini daha səlis danışırlar. Ona görə ki, məktəbə getməyiblər və fars dilini öyrənməyiblər.
Azərbaycan dilində fars və ərəb kəlmələrinin olmağına baxmayaraq, mən də sizinlə razıyam ki, kökdən Azərbaycan kəlməsi olan kəlmələri fars dilinə tərcümə edəndə bir kəlmə bir kəlmə olmur. Mən özüm İranda fars dillilərlə söhbət zamanı bu məsələni izah edəndə onlara deyirəm ki, çoxlu Azərbaycan kəlmələri var ki, fars dilinə tərcümə edəndə bir Azərbaycan kəlməsi bir cümlə olur . O cümlədən sizin yazdığınız misal kəlmələr. Məsələn sizin “tutdurarlar” kəlməsi fars dilinə tərcümə olunanda belə bir uzun cümlə olur: “Kari mikonənd ke to ra (u ra ) dastgir konand”.
Bir ittiham da mənə vurmusunuz ki, guya hansısa bir dili aşağılamışam, başqa dili yüksək səviyyəyə qaldırmışam. Mənim heç belə fikrim olmayıb, olmaz da. Bütün dillərə və xalqlara hörmətim var. Sadəcə, dediym kimi çalışmışam Allah və vicdanımın qarşısında sənədli yaza bilim.
Tahir qardaş, bu yazımın axırında sizi, özümü və bütün düşüncəli və cəsarətli qardaşlarımızı və bacılarımızı İranda və Azərbaycanda dostluğa, məntiqli anlaşmaya, vətən sevgisinə, reallıqları dəqiq görməyə, düzgün danışıb və yazmağa və Azərbaycanın ərazi bütövlüyünün tezliklə tam şəkildə bərpa olması uğrunda düşünməyə, yol göstərməyə və çalışmağa və xalqlarımızın əlaqələrini daha da möhkəmləşdirməyə dəvət edirəm.
Dövlətlər gəlib-gedərdi, millətlər həmişə qalmaldırlar. Biz millətsevər dövlətlərin arxasında durmalıyıq.
Allah-Təala hamımızın köməyi olsun, biz də Onu heç zaman unutmayaq!

Hormətlə,
Əfşar Süleymani