Ananın qanlı ürəyi

ananin-qanli-ureyi-
Oxunma sayı: 880

Atamın bələdiyyədən aldığı balaca torpaq sahəsindəki birotaqlı evdə yaşayırdıq. Anam yaxınlıqdakı çayxanada xidmətçi işləyirdi. Mən 7-ci sinifə qədər davamlı olaraq məktəbə gedirdim, sonra yavaş-yavaş məktəbdən bezdim, artıq 8-ci sinfin ortalarında məktəbdən tamam çıxdım. Oxumaqda bir məna da görmürdüm, bilirdim ki, anam təhsilhaqqı qazanıb məni oxuda bilməyəcək.

Məktəbdən yayındıqdan sonra özümə iş axtarmağa başladım. Qabaqca marşrut avtobusunda pul yığan işlədim. Gəliri az olduğundan bu işi bəyənmədim, keçdim alverə. Müxtəlif xırdavat alıb “Əzizbəyov” metrostansiyası tərəfdən Bakı kəndlərinə gedən avtobuslarda satmağa başladım. Anamla pul toplayıb daş-sement aldıq, birotaqlı evimizi ikiotaqlı elədik. Həyətdə bir mətbəx də tikdirdik. Anam getdikcə yaşa dolur, qocalıb əldən düşürdü. Bütün günü çayxananın beton döşəməli mətbəxində ayaq üstə durmaqdan payız-qış vaxtlarında tez-tez xəstələnir, işə gedə bilmirdi. Həmişə də mənə, bircə səni evləndirsəydim rahat ölərdim, deyirdi. Anamın bu arzusuna əhəmiyyət vermir, evlənmək vaxtımı ötürsəm də evlənməyi heç ağlıma da gətirmirdim.

Bir gün yenə avtobusda dördü bir manata nəm salfetka satarkən qonşu kənddən olan bir qız məni tanıdı və məndən salfetka aldı. Avtobus gedənə qədər onunla söhbətləşdim. Qız mənə dedi ki, bir-iki günə səni axtarıb tapacam. İki gündən sonra gecə vaxtlarında, bir də gördüm, arxadan məni kimsə səsləyir. Döndüm ki, həmin qızdı. Gedib yaxınlıqdakı bir çayxanada oturub xeyli söhbət elədik. Sonra mən onu avtobusla evlərinə yola saldım. Həmin gündən yalnız o qız haqda fikirləşirdim. Hiss edirdim ki, artıq ona vurulmuşam.

Bir gün yenə avtobuslarda iynəsaplayan satırdım, gördüm qız içəridə oturub mənə tərəf gülümsəyir. Tez yanına gəlib onu yenə keçən dəfəki çayxanaya dəvət elədim. Dedim, bütün günü sənin haqda fikirləşirdim. Qız da dedi, mən də gecələr yata bilməmişəm, elə səni düşünmüşəm. Mən ona evlənmək təklifi elədim. Qız razılaşdı. Dedi, ancaq bir şərtim var, gərək anan bizimlə yaşamasın. Dedim, axı, o yazıq məni indiyə qədər atasız böyüdüb, mən onu hara ata bilərəm. Sevgilim dedi, istəmirəm mənim hər şeyə mız qoyacaq bir qaynanam olsun. Dedim, ay qız, mənim anam sakit, mülayim adamdı. Xeyri olmadı, dedi, ya ananı qocalar evinə qoyursan, ya da mənim adımı belə çəkmə! Mən sevdiyim qızla razılaşdım, ancaq bir dənə şərt qoydum. Dedim, toy eləyək, anam toyda iştirak eləsin, sonra onu aparıb qocalar evinə qoyaram. Uzun mübahisədən sonra qız razılaşdı.

Evlənmək arzumu anama dedim, anam çox sevindi. Otağın birini bəzəyib gəlin üçün hazırladı. Tədarük görüb həyətdə balaca bir çadır toyu elədik. Mən anama baxıb kövrəlirdim, çünki o gün onun həyətimizdə olmasının axırıncı günü idi. Ürəyim dözmədi, qalxıb bir ana mahnısı sifariş verdim, anamı da çıxardıb oynadıq.

Sabah tezdən yoldaşım məni oyadıb dedi, artıq vaxtdı, apar onu. Mən anamın paltarlarını bir boxçaya yığıb dedim, ana, səni bir yerə aparmalıyam. Anam soruşdu, hara, ay oğul? Dedim, ay ana, ora elə bir yerdi, yeməyə gündə 1-2 dəfə şorba verəcəklər, yatmağa da yerin olacaq. Anam dinməz-söyləməz qabağıma düşdü. Mən onu əvvəlcədən danışdığım qocalar evinə təhvil verdim. Ordan çıxanda anam arxamca kövrəlib ağladı.

Günlərin bir günü həyat yoldaşım dedi, get, ananın ürəyini mənə gətir. Mən qocalar evinə gəlib anamın ürəyini çıxartdım. Ürək əlimdə gələndə yolda ayağım bir daşa dolaşdı, az qaldı yıxılam. Anamın ürəyi dilə gəlib dedi, ay oğul, nolaydı, sənin ayağına dəyən daş mənim ürəyimə dəyəydi.
Ürəyi gətirib həyat yoldaşıma verdim. O, ovcundakı ürəyə baxıb dedi, mən artıq səndən ayrılıram. Dedim, niyə? Dedi, anasının qədrini bilməyən oğul həyat yoldaşının qədrini heç bilməz.

Ey oğul, qulaq as, bu bir hikmətdi! Burda ana xalqdı, gəlin xarici qüvvələrdi, oğul isə bizim hakimiyyətdi!