DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxtda və 4 rayonda əməliyyatlar keçirib.
“Qafqazinfo” Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.
İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad Əsgərov və Leyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb. Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Araşdırmalar davam etdirilir.