İqtisadçı ekspert Qubad İbadoğlu son vaxtlar əhalinin banklarda olan əmanətlərini geri çəkməsinin səbəblərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, iqtisadçı bildirib ki, son 5 ayda əhalinin banklarda olan əmanətləri 2 milyard manat və ya 20,1% azalıb. Bunun isə başlıca səbəbi banklara əhali tərəfindən olan etimadsızlıqdır: “Çünki, son zamanlar bankların maliyyə vəziyyətində müşahidə olunan qeyri-sabitlik əmanətçilər arasında ciddi narahatçılığa səbəb olub. Belə ki, bu ilin yanvar-may aylarında kredit qoyuluşunun 8,9 faiz azalması ilə yanaşı problemi kreditlərin həcminin 9,9 faiz artması onsuz da iqtisadi durumu pis olan bankların inamı daha da sarsıdıb.
Texnikabankdan sonra Standart bankda maliyyə gərginliyini yaşayan müştərilərin vəziyyətinə düşməməyin yolunu digər banklardan da depozitlərini geri çəkməkdə görən əmanətçilərin sayının xeyli artması və onun getdikcə kütləvi xarakter alması bank sistemi üçün ciddi siqnal hesab oluna bilər. Təəssüf ki, nəinki Mərkəzi Bank, hətta Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi də bu prosesləri müşahidə mövqeyindədir”.
Q. İbadoğlu bildirib ki, əhalinin banklardan əmanətlərini geri çəkməyinin digər səbəbi isə əhalinin getdikcə yoxsullaşması, əvvəlki kimi dolana bilməməsidir: “Bu isə Azərbaycan iqtisadiyyatının kiçilməsinə görə bağlanan biznes strukturlarının, məhdudlaşan investisiya layihələrinin, ixtisar olunan iş yerlərinin, dəyərsizləşən əmək haqqı və pensiyaların, eləcə də bahalaşan qiymətlərə görə artan xərclərin yaratdığı yeni sosial-iqtisadi mühitin müasir tələbləri kimi qiymətləndirilə bilər.
Bü mühitdə xüsusilə də orta təbəqənin şəxsi ehtiyatların tükənməsi onların bank yığımlarını geri çəkib istehlaka yönəltməsini şərtləndirir. Bu isə nə banklar və nə də depozitlərini geri çəkən müştərilə üçün yaxşı perspektiv vəd etmir. Çünki, bu əməliyyat nəticəsində hər iki tərəf, həm banklar və həm də əmanətçilər potensial qazanclarından məhrum olurlar”.
Son xəbərlər
Son Xəbərlər