Ötən il müştərilər tərəfindən banklara qaytarılmayan kreditlərin həcmi rekrod səviyyəyə çatıb.
“Qafqazinfo” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci illə dair hesabatından məlum olur ki, problemli kreditlərin həcmi 1.5 milyard manat olub. 21.7 milyard manatlıq kredit portfelinin 7 faizini təşkil edir. Ondan əvvəlki, illə müqayisə etdikdə vaxtı keçmiş borcların həcmi 600 milyon manatdan çox artıb. Ümumi kredit portfelində bütün məhdudiyyətlərə baxmayaraq, yenə də əsas üstünlük istehlak kreditləri təşkil edir. Belə ki, bü cür kreditlər portfeldə 38.6 faiz təşkil edib. Beləliklə, portfeldə kredit qoyuluşları aşağıdakı kimi bölünür:
Ticarət və xidmət sektoruna 3.1 milyard manat və ya 14,5 faiz
Energetika, kimya və təbii ehtiyatlar sektoruna 316.5 milyon və ya 1.5 faiz
Kənd təsərrüfatı və emalına 508.1 milyon və 2.3 faiz
İnşaat və əmlaka 2,3 milyard və ya 13.7 faiz
Sənaye və istehsal sektoruna 1.94 milyard və ya 9 faiz
Nəqliyyat və rabitə - 1.4 milyard və ya 6.7 faiz
Ev təsərrüfatına (istehlak kreditləri) 8.3 milyard və ya 38.6 faiz
Kreditlər qouluşunda artım olsa da, bunu depozitlər üzrə deyə bilmərik. Həm manat, həm də dollar üzrə əmanət qoyuluşlar azalıb.
İqtisadçı-ekspert Nemət Əliyevin sözlərinə görə, ötən ilin dekabr ayında əhali banklarda manatla saxladığı əmanətlərin daha 249 milyon manatını bank sistemindən çıxarıb: «Əhali olsun ki, xərcin-borcun artdığı indiki çətin zamanda, ya ehtiyaclarını qarşılamaq üçün xərcləmək məcburiyyətində qalıb, ya da banka və manata etibar etmədiyinə görə vəsaitlərini dollara çevirib «yastığın altında» saxlamağa üstünlük verib. Bu səbəbdən milli valyutada saxlanılan əmanətlərin payı bir ayın ərzində 24 faizdən 15 faizə düşüb. Beləliklə, manata və bank sisteminə inam sarsılmaqda davam edir. Alıcılıq qabiliyyətini nəzərə almaq məqsədi ilə xarici valyutaya çevirib müqayisə etsək, məlum olar ki, 2015-ci ildə ümumi bank əmanətləri 3,1 milyard dollar azalıb. Bu qədər ciddi geriləmələrin olmasına baxmayaraq, milli valyutaya inamın bərpa olunması istiqamətində hələ də ciddi islahatlara şahid ola bilmirik».
İqtisadçı bildirir ki, əhali ilə yanaşı, maliyyə təşkilatları da öz depozitlərini bank sistemindən çıxarmağa başlayıb: «Maliyyə təşkilatı kimi banklar, sığorta təşkilatları tək dekabr ayında dollarla saxladığı depozitlərin 361 milyon dollarını, manatla saxladığı depozitlərin isə, 150 milyon manatını bank sistemindən geri çəkib. Deməli, artıq banklar da özlərinə etibar etmir. Manata və banklara inamın itdiyi belə bir şəraitdə dərhal sual yaranır. Bankların etibar etmədiyi yerə əhali əmanət etməlidirmi və ya edə bilərmi?
Bu səbəbdən cari ilin yanvar və fevralında əmanət və depozitlərin bank sistemindən çıxarılması prosesinin daha da sürətlənməsi şübhə doğurmur. Bağlanmış 7 bankda qalan əmanət və depozitlərin taleyi ilə bağlı yaranmış suallara Mərkəzi Bank tərəfindən hələ də birmənalı cavab verilməməsi şübhələri artırmaqla ümumi bank sisteminə olan etimadı daha da zəiflədir. Odur ki, bu arzuolunmaz nəticələrə gətirib çıxaran siyasətdən dərhal imtina olunmalıdır. Nəticələrə qarşı deyil, onu doğuran səbəblərə qarşı mübarizə aparılmalıdır».
Son xəbərlər
Son Xəbərlər